BAKI, 19 iyun. TELEQRAF

“Püşkatmada bizə hansı komandanın düşməsi o qədər də önəmli deyil. Əsas məsələ bizim necə hazırlaşmağımız, hansı formada olmağımız, nə qədər istəkli və intizamlı olmağımızdır”.

Teleqraf xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Mütəxəssis UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Uels təmsilçisi “The New Saints” (TNS) ilə qarşılaşmaya hazırlıq barədə danışıb:

“İlk növbədə hər bir rəqibə hörmət etmək lazımdır. TNS dəfələrlə Uels çempionu olmuş və Avropada kifayət qədər tanınan komandadır. Onlar daxili çempionatda 10 ildən artıqdır dominantlıq edirlər.Düşünürəm ki, necə oynamağından, hansı futbolu sərgiləməyindən asılı olmayaraq, əsas məsələ mentalitetdir. Hər oyuna qələbə üçün çıxmaq mentalitetini formalaşdırmalısan. Bu da göstərir ki, hər bir rəqibə hörmət etməli və özünü ən yaxşı şəkildə hazırlamalısan. Kağız üzərində zəif görünən rəqiblə də qarşılaşa bilərsiniz, lakin hazır deyilsinizsə, problem yaşayacaqsınız. Çünki artıq hamı futbol oynamağı bacarır. Evdə və səfərdə keçiriləcək 2 oyunda hər şey baş verə bilər".

Dambrauskas qarşıdakı təlim-məşq toplanışından da söz açıb:

"İndi etməli olduğumuz yeganə şey bu toplanışa böyük istək və mükəmməl motivasiya ilə başlamaqdır. İki həftəlik yüksək səviyyəli hazırlıq keçməli, yoldaşlıq görüşlərində oyun üslubumuzu yeniləməliyik. Mövcud oyunumuzu təkmilləşdirmək üçün bəzi yeni komponentlər əlavə etməli və futbolçulara necə bir sistem istədiyimizi xatırlatmalıyıq. Düzgün hazırlaşdığımız təqdirdə, nəticə özü gələcək".

Qeyd edək ki, UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin oyunları iyulun 7-8-i və 14-15-də keçiriləcək.