BAKI, 19 iyun. TELEQRAF

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində xidmət keçən diplomatik xidmət əməkdaşlarının aylıq vəzifə maaşları və onlara verilən əlavələrin məbləğləri təsdiqlənib.

Teleqraf xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb.

Fərmana əsasən, Xarici İşlər Nazirliyində xidmət keçən diplomatik xidmət əməkdaşlarının əməyinin ödəniş pillələri üzrə aylıq vəzifə maaşlarının məbləği, aylıq vəzifə maaşlarına diplomatik rütbəyə görə əlavə haqqın məbləği, eləcə də təmsilçiliyə görə əlavə haqqın məbləği təsdiq edilib.

Sənədə əsasən, Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət orqanı əməkdaşlarının yeni dövlət məvacibi müəyyən edilənədək onlara ödənişlər əvvəlki qayda və məbləğlər əsasında davam etdiriləcək.

Eyni zamanda, Prezidentin 2008-ci il 9 iyul tarixli "Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin əməkdaşlarına əlavə pul təminatının verilməsi haqqında" sərəncamı ləğv olunub.

Nazirlər Kabinetinə fərmandan irəli gələn məsələlərin həlli tapşırılıb.