BAKI, 19 iyun.
TELEQRAF
Müddətli həqiqi hərbi və ya alternativ xidmətə çağırılması ilə əlaqədar xidmətinə xitam verilmiş diplomatik xidmət əməkdaşlarına orta aylıq dövlət məvacibinin 3 misli miqdarında müavinət ödəniləcək.
Teleqraf xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Diplomatik xidmət haqqında" qanuna dəyişiklikləri təsdiqləyib.
Yeni qaydalara əsasən, ordu sıralarına yollanan diplomatların (qurumun tamamilə ləğv edildiyi hallar istisna olmaqla) geri qayıtdıqdan sonra iş yerləri təminat altına alınır. Belə ki, xidmətini başa vurub ehtiyata buraxılan şəxslər 60 təqvim günü ərzində müraciət etdikləri təqdirdə, əvvəlki fəaliyyət göstərdikləri qurumda öz vəzifələrinə və ya buna ekvivalent olan analoji posta yenidən təyin edilməlidirlər.
Dəyişikliklərdə diplomatların bədbəxt hadisələr və ya digər səbəblərdən itirilməsi halları da nəzərə alınıb. Əməkdaş vəfat etdikdə, eləcə də rəsmi məhkəmə qərarı ilə xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə onun diplomatik fəaliyyətinə xitam verilir, vərəsələrinə isə maddi dəstək məqsədilə orta aylıq məvacibinin 4 misli miqdarında ödəniş edilir.
Bundan başqa, sənədlə diplomatların alacağı dövlət məvacibinin strukturu tam rəsmiləşdirilib. Artıq rəsmi məvacib təkcə aylıq vəzifə maaşı, rütbə və təmsilçilik haqlarından ibarət olmayacaq. Bura həmçinin xidməti zərurətlə əlaqədar aylıq iş norması 5 saatdan çox artırıldıqda əlavə işlənən hər saata görə hesablanan vəsait və ağır, zərərli, yaxud fərqli iqlim şəraitində fəaliyyətə görə nəzərdə tutulan əlavə kompensasiyalar da daxil ediləcək.