BAKI, 19 iyun. TELEQRAF

Antibiotiklərə müqavimət (AMD) problem yalnız yeni antibiotiklərin hazırlanması ilə həll olunmur.

Teleqraf xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Şərqi Aralıq dənizi üzrə regional direktoru Hanan Balkhy İslam İnkişaf Bankı Qrupunun (IsDB) illik toplantıları çərçivəsində təşkil olunan panel müzakirəsi zamanı deyib.

O qeyd edib ki, yeni antibiotiklərə ehtiyac var, lakin hazırda yeni antibiotiklərin hazırlanması zənciri demək olar ki, zəifdir:

“Maliyyə baxımından bu proses təxminən 10 il vaxt və təxminən 1 milyard dollar tələb edir. Üstəlik, düzgün istifadə və nəzarət (stewardship) olmadıqda, yeni antibiotiklər 2 il ərzində belə effektivliyini itirə bilər. Bundan əlavə, rezistentlik də yarana bilər.

Digər tərəfdən, “One Health” yanaşması çərçivəsində FAO və kənd təsərrüfatı nazirlikləri ilə birlikdə qida istehsalının iqtisadi dayanıqlılığını təmin etmək üçün heyvandarlıq, balıqçılıq, quşçuluq və ət istehsalında antibiotiklərdən istifadə zəruri hesab olunur. Lakin kənd təsərrüfatında istifadə olunan antibiotiklər klinikalarda, xüsusilə reanimasiya şöbələrində ağır xəstələr üçün istifadə olunan antibiotiklərlə eynidir. Bu da ciddi risk yaradır”.