BAKI, 18 iyun. TELEQRAF

Bu gün hər bir ailə, məktəb və valideyn rəqəmsal mühitin uşaqlara təsirini hiss edir.

Teleqraf xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov "Uşaqların zərərli informasiyadan qorunması və rəqəmsal mühitin təhlükəsizliyinin təmin edilməsi" mövzusunda ictimai dinləmədə deyib.

O bildirib ki, bu təsiri tənzimləmə prosesində ən fəal iştirakçı məhz valideyndir.

Onun sözlərinə görə, məsələ sadəcə manipulyativ alqoritmlərdən, zərərli məzmundan və şəxsi məlumatların kommersiya məqsədilə istifadəsi deyil:

"Sosial şəbəkələrdə ən vacib məsələlərdən biri fərdi məlumatların qorunmasıdır. Hazırda bir sıra platformalar istifadəçi məxfiliyinin təmin olunması ilə bağlı çərçivədən kənara çıxır, hədəfli reklam mexanizmlərindən istifadə edir. Bu isə uşaqların zərərli informasiyaya daha asan şəkildə cəlb olunması riskini artırır.

Dünyanın müxtəlif ölkələri bu sahədə fərqli yanaşmalar tətbiq edir. Məsələn, Avstraliya kimi ölkələrin artıq formalaşmış təcrübəsi mövcuddur. Biz də beynəlxalq təcrübəni öyrənərək, real nəticələrə əsaslanan milli yanaşma formalaşdırmağa çalışırıq.

Valideyn nəzarətinin gücləndirilməsi ilə kifayət qədər müsbət nəticələr əldə etmək mümkündür. Layihə də məhz mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulan, uşaqların rəqəmsal dünyada təhlükəsizliyinin təmin edilməsini və onların hüquqlarının daha etibarlı şəkildə qorunmasını hədəfləyən bir təşəbbüsdür".