BAKI, 17 aprel. TELEQRAF
Cümhuriyyət deputatı Məhəmmədəli Rəsulzadə haqqında yazdığımız ötən məqalədə qeyd etmişdik ki, 1930-cu illərdə Türkiyə hökuməti azərbaycanlı mühacirlərlə bağlı bəzi raportlar hazırlayıb. Bunun səbəbi 1934-cü ildə Brüsseldə Azərbaycan, Gürcüstan və Şimali Qafqaz milli mərkəzlərinin Qafqaz Konfederasiyası Paktını imzalamasıdır. Çünki bu pakt Rusiyanın işğal etdiyi hər üç ölkənin mühacirətdəki ən güclü liderlərinin rəhbərlik etdikləri təşkilatlar tərəfindən bağlanmışdı və bu hadisədən sonra Avropadakı, həmçinin Türkiyədəki mühacirlər xeyli aktivləşmişdilər. Nəticədə İstanbulda fəaliyyət göstərən mühacirlər türk hökumətinin nəzarəti altına alınmışdı.
Xosrov bəy Sultanzadə ilə bağlı raport
Türkiyənin daxili işlər naziri Şükrü Kaya 9 iyun 1936-cı ildə Başvəkalət üçün hazırladığı raportda “azəri münəvvərlərindən və istiqlalçılarından Xosrov Sultanov” haqqında aşağıdakı məlumatı verib:
“Azərbaycan Müsavat Firqəsi üzvlərindən, Azərbaycanın istiqlalını geri qaytarmağa çalışanlardan biri kimi tanınan, Bəyoğlunda Ayazpaşada Sarayarxası küçəsindəki 57-2 saylı evdə yaşayan, İstanbul vilayətindən aldığı pasportla Konstansa yolu ilə 26.09.1935-ci ildə Almaniyaya gedib 20.10.1935-ci ildə İstanbula dönən təbəələrimizdən Dr. Xosrov Sultanovun bu dəfə ələ keçirilən bir məktubuna görə Berlinə gürcü menşeviklərindən general Kromitzeyi ziyarətə getdiyi, onu tapa bilmədiyi üçün vaxtilə Azərbaycanda olmuş bəzi almanlarla görüşərək geri qayıtdığı İstanbul vilayətindən bildirilmişdir”.
Göründüyü kimi türk rəsmilərinin yaxından tanıdığı Xosrov bəyin siyasi fəaliyyəti, səyahətləri, görüşləri təqib edilib, atdıqları addımları haqqında mütəmadi raportlar hazırlanıb.
Müsavat Firqəsi haqqında raport
Türkiyə daxili işlər nazirliyinin Başvəkalətə göndərdiyi 2 mart 1937-ci il tarixli digər bir raport isə İstanbuldakı Azərbaycan təşəkkülləri ilə bağlıdır və burada əsas yeri Müsavat Firqəsinin fəaliyyəti tutur. Sənədin girişində çar Rusiyasının dağılmasından sonra istiqlalını qazanan azərbaycanlıların Müsavat adlı bir firqə qurduqları, sovet istilasından sonra bu firqə mənsublarının xaricə qaçaraq əməllərini gerçəkləşdirmək məqsədilə Milli Azərbaycan Mərkəzi adında bir təşəkkül qurduqları qeyd edilib. Mərkəzin üzvlərinin bir qisminin Avropada polyaklar, almanlar və sovet əleyhdarı digər hökumətlərin gizli təşəkkülləri ilə əlaqə qurduqları ifadə olunub. Partiyanın İstanbulda yaşayan üzvləri olaraq Məhəmmədəli Rəsulzadənin, Abbasqulu Kazımzadənin, Mustafa Vəkiloğlunun və İstanbul Universiteti dosentlərindən Əhməd Cəfəroğlunun adı çəkilib.

Raportda Müsavat Firqəsindən başqa Türkistan və Turan cəmiyyətlərinin, Azərbaycan Tələbə Birliyinin mövcudluğu da qeyd edilib, bu qurumların məqsədinin Rusiyadan Türkiyəyə gələn tələbələrə dəstək olduğu yazılıb. Bu təşkilatların sovetlər əleyhində fəaliyyət göstərmələrinin aşkar edilmədiyi də vurğulanıb.
Eyni mahiyyətli 2 noyabr 1936-cı il tarixində hazırlanmış “Azərbaycanın bugünkü vəziyyəti və Müsavat Firqəsinin fəaliyyətinə dair” sənəddə isə mühacirətdaxili bəzi kəşfiyyat bilgilərinin də əldə edildiyi görünməkdədir. Raportda liderlərdən Məhəmmədəmin Rəsulzadənin Parisdəki Mustafa Vəkiloğlu və Miryaqub Mirmehdizadə ilə münasibətlərinin soyuduğu, buna görə də çevrəsinin xeyli daraldığı bildirilib. Rəsulzadənin Varşavada keçirdiyi Müsavatın qurultayına Ankaradan Mərkəzi Bankda çalışan Kərim Zeynəlin (bu şəxs Rəsulzadənin yaxın silahdaşlarından Kərim Odərdir – D.Ə), İstanbuldan isə İlyas Kazımzadənin getməsi bildirilib, partiya nizamnaməsində keçmiş proqramdakı türk federalizmi yerinə Qafqaz federalizmi təbirinin yazıldığı ifadə olunub. Prometey hərəkatına bağlılığın davam etdirildiyi, Rəsulzadənin Azərbaycanın qurtuluşunu Türkiyədən deyil, Qafqazdan gözlənildiyini, buna görə də azadlığın Qafqaz davası çərçivəsində yürüdülməsinin vacibliyini söylədiyi sənəddə əks olunub.
Raportda Kərim Zeynəlin, elektrik şirkətində çalışan Kiçik Əşrəfin, Nümunə xəstəxanasındakı Dr. Atamanın (Cümhuriyyət tələbəsi olmuş Həmid Ataman – D.Ə) Müsavat Firqəsinin Ankara təmsilçiləri olduqları yazılıb.
Rəsulzadə ilə bağlı mühüm sənədlər
1929-cu ildə mühacirətdaxili qarşıdurmaların nəticəsi olaraq İstanbul polisi Rəsulzadənin evində axtarış apararaq mühüm sənədləri müsadirə edib. Bu hal Cümhuriyyət xadimlərindən Şəfi bəy Rüstəmbəyli ilə Rəsulzadə arasında bir neçə il davam edən polemikaya səbəb olub. Türkiyə tərəfi ilə çalışan bu şəxslər Rəsulzadəyə qarşı sərt müxalifətdə idilər, nəticədə mühacirlər arasında qarşılıqlı söz-söhbətlərə səbəb olan hadisələr baş verib. Rəsulzadə 1934-cü ildə qələmə aldığı “Şəfibəyçilik” əsərində bu məsələlərə müəyyən qədər toxunub. Türkiyə arxivində üzərindən gizliliyi götürülən bir sənəddən aydın olur ki, 1929-cu ildə İstanbulda həm Rəsulzadənin, həm də Şimali Qafqaz mühacirlərindən, Şeyx Şamilin nəslindən olan Səid Şamilovun evində axtarış aparılıb və iki sandıq sənəd ələ keçirilib. Sənədlərin üzərində tədqiqatın aparıldığı da qeyd olunub.
Evindəki axtarışdan təəssüflənən Rəsulzadə isə Daxiliyyə Vəkalətinə göndərdiyi 12 iyun 1929-cu il tarixli teleqramında yazıb: “Bu gün saat 8-də Polis Müdirliyi qismi-siyasi tərəfindən evimdə axtarış aparılaraq bütün əvraq və yazılarım götürülmüşdür. Şayani-heyrət gördüyüm bu müamiləyə məruz qaldığım üçün təəssür duyaraq müdafieyi-alilərimi rica və istirham eylərim, əfəndim. Məhəmmədəmin Rəsulzadə. Sabiq Azərbaycan Şurayi-milli rəisi”.

Şübhəsiz ki, Rəsulzadə ətrafında cərəyan edən bu hadisələrin əsas səbəbi bəlli idi. Sənəddə də qeyd olunduğu kimi Rəsulzadə bu illərdə Polşa hökuməti ilə sıx münasibətdə idi və bu hal Türkiyəni məmnun etmirdi. Digər tərəfdən Rusiyanın mühacirlər mövzusunda Türkiyəyə olan təzyiqləri artmışdı, ona görə də Rəsulzadənin evində axtarış aparılmış, bir il sonra isə Avropadan qayıtmaq istəyərkən Türkiyəyə girişinə qadağa qoyulduğunu öyrənmişdi. Necə ki, daxili işlər naziri Şükrü Kayanın hazırladığı 8 aprel 1931-ci il tarixli raportda Qafqaz İstiqlal Təşkilatı adına fəaliyyət göstərən Rəsulzadə ilə Səid Şamilovun hazırda Fransada olduqları, fəaliyyətlərini artırdıqlarını bildirib. Eləcə də İstanbuldakı mərkəzi ləğv edərək fəaliyyətlərini Varşavaya daşıdıqları və Prometey cəmiyyəti və jurnalı ətrafında birləşdikləri ifadə olunub.
Gizliliyi götürülən digər bir sənəddə Rəsulzadənin Polşa dövləti ilə olan münasibətlərinin Türkiyəni həddindən artıq narahat etdiyini görürük. Belə ki, Şükrü Kayanın hazırladığı 8 fevral 1930-cu il tarixli raportdan aydın olur ki, İstanbulda yaşayan Rəsulzadədən müsafir qaldığı Türkiyə Cümhuriyyəti əleyhinə yönəlmiş hər cür təşəbbüs və fəaliyyətlərdən qəti şəkildə uzaq durması hökumət adından bildirilib. Rəsulzadə isə cavabında ikinci bir türk vətənini (yəni Azərbaycanı – D.Ə) mövcud Türkiyənin zərərinə olaraq qurtarmağın ağlından keçmədiyini, Türkiyənin ali mənfəətlərinə qarşı ən kiçik hərəkət etməyəcəyini ifadə edib, Avropadan qayıtdığı zaman Ankaraya gələrək bu mövzuda təminat verəcəyini bəyan edib.
.jpg)
Lakin bildiyimiz kimi Rəsulzadə gediş və dönüş vizası aldığı halda Avropadan geri qayıtmaq istəyərkən ona yaşadığı Türkiyə Cümhuriyyətinə girişinin qadağan edildiyini öyrənib. Bununla da o, 17 il Avropada yaşamalı olub.
Göründüyü kimi açıqlanan bu yeni sənədlər azərbaycanlı mühacirlərin Türkiyədəki fəaliyyətlərinin qaranlıq qalan və ya mübahisəli bəzi məqamlarına aydınlıq gətirməkdədir.
P.S. Gizliliyi götürülən bəlgələr arasında Abbasqulu Şadlınski barədə, eləcə də Cənubi Azərbaycanla bağlı sənədlər də mövcuddur. Bu barədə növbəti məqalələrdə.