BAKI, 25 fevral. TELEQRAF
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Türkiyə Respublikasının Ankara şəhərində Türkiyə Böyük Millət Məclisinin, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Dərnəyinin və Azərbaycanın Türkiyədəki Səfirliyinin təşkilatçılığı ilə Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar təşkil olunmuş anım tədbirində iştirak edib.
Bu barədə Teleqraf-a Ombudsman Aparatından məlumat verilib.
Türkiyə millət vəkillərinin, diplomatik korpusun nümayəndələrinin, Türkiyə Ombudsmanının, Türkiyənin İnsan Hüquqları və Bərabərlik Qurumunun rəhbər və nümayəndələrinin də iştirak etdiyi tədbirdə çıxışı zamanı Ombudsman beynəlxalq hüquq və beynəlxalq humanitar hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması ilə nəticələnən və bəşəriyyətə qarşı törədilmiş cinayət kimi tarixə düşmüş Xocalı soyqırımı barədə ətraflı məlumat verib.
Müvəkkil 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda 613 mülki şəxsin qətlə yetirildiyini, 1275 nəfərin əsir götürüldüyünü diqqətə çatdırıb.
Səbinə Əliyeva Birinci Qarabağ müharibəsi zamanı 4 minə yaxın, o cümlədən Xocalı soyqırımı zamanı 150 soydaşımızın itkin düşdüyünü bildirərək, bu məsələnin beynəlxalq humanitar hüquq və insan hüquqları baxımından da həllini gözləyən ağır humanitar məsələ olaraq qaldığını qeyd edib.
Ombudsman Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində əldə edilmiş tarixi Zəfər nəticəsində torpaqlarımızın işğaldan azad edildiyini, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpa olunduğunu bildirib.
Səbinə Əliyeva Azərbaycan dövləti tərəfindən işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin, infrastruktur layihələrinin həyata keçirildiyini, regionda dayanıqlı sülhün təmini istiqamətində müsbət addımların atıldığını bildirib.
Müvəkkil işğaldan azad olunmuş ərazilərdə mina probleminin hələ də davam etdiyini, bunun insanların həyat və sağlamlığına, keçmiş məcburi köçkünlərimizin öz torpaqlarına təhlükəsiz qayıdışına, aparılan bərpa-quruculuq işlərinə maneə törətdiyini qeyd edib.
Ombudsman Xocalı soyqırımında və xalqımıza qarşı törədilən müharibə cinayətlərdə iştirak edən bir sıra şəxslərin həbs edilərək istintaqa cəlb olunduqlarını, beynəlxalq məhkəmə təcrübəsinə tam uyğun olaraq barələrində açıq məhkəmə proseslərinin keçirildiyini və təqsirləri tam sübuta yetirilərək məhkəmə tərəfindən məhkum olunduqlarını diqqətə çatdırıb.
Müvəkkil Xocalı faciəsi kimi bəşəriyyətə qarşı törədilən ağır cinayətlərin bir daha təkrarlanmaması üçün beynəlxalq insan hüquqları mexanizmlərinin gücləndirilməsinin və bu cinayətləri törədənlərin ədalət qarşısına çıxarılmasının vacibliyini vurğulayıb.
Ombudsman, həmçinin beynəlxalq media nümayəndələrinə, eləcə də Türkiyənin yerli media nümayəndələrinə müsahibələr verib.