BAKI, 14 oktyabr. TELEQRAF
Populizm və dezinformasiyanın artması, məhkəmə qərarlarına təsir göstərmək cəhdləri qarşısında ictimai etimadın möhkəmləndirilməsi zərurəti var.
Teleqraf xəbər verir ki, bunu Məhkəmə Hüquq Şurasının və Ali Məhkəmənin sədri İnam Kərimov Beynəlxalq Hakimlər Assosiasiyasının Azərbaycan Hakimlər İttifaqı ilə əməkdaşlığı çərçivəsində təşkil olunan “Məhkəmə hakimiyyəti ilə dövlətin digər iki hakimiyyət qolu arasında əlaqələr” mövzulu beynəlxalq konfransda deyib.
O qeyd edib ki, ədalətə gedən yol heç vaxt tamamlanmır:
“Qlobal məhkəmə icmasının üzvləri kimi hamımız ciddi çağırışlarla üz-üzəyik. Onların arasında populizm və dezinformasiyanın artması, məhkəmə qərarlarına təsir göstərmək cəhdləri qarşısında ictimai etimadın möhkəmləndirilməsi zərurəti var. Texnologiyanın, süni intellektin və sosial medianın sürətli inkişafı həm yeni imkanlar, həm də risklər yaradır. İqlim dəyişikliyi isə məhkəmə hakimiyyətinin üzərinə yeni və mürəkkəb öhdəliklər qoyur”.
Ali Məhkəmənin sədri hesab edir ki, bu kontekstdə Beynəlxalq Hakimlər Assosiasiyası son dərəcə mühüm rol oynayır:
“O, qlobal məhkəmə icmasının birgə vicdanı kimi çıxış edir, müxtəlif regionlardan olan hakimləri müstəqillik, dürüstlük və hüququn aliliyinə sadiqlik prinsipləri ətrafında birləşdirir. Dialoq, əməkdaşlıq və ən yaxşı təcrübələrin mübadiləsi vasitəsilə Assosiasiya hüquq sistemləri arasında qarşılıqlı anlayışı möhkəmləndirir.
Əminik ki, Assosiasiyanın himayəsi altında keçirilən bugünkü konfrans məhkəmə hakimiyyətinin səmərəliliyinin və müstəqilliyinin artırılmasına mühüm töhfə verəcək. Eyni zamanda, bu tədbir hakimlərin yeni reallıqların yaratdığı çağırışlara qarşı daha hazırlıqlı olmasına kömək edəcək”.