BAKI, 12 sentyabr. TELEQRAF
Qarabağ Regional Təhsil İdarəsindən Şuşa rayon 9 nömrəli tam orta məktəbdə məktəbəhazırlıq qrupunun ləğvinin səbəbi açıqlanıb.
İdarədən Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib ki, uşaq sayı kifayət etmədiyindən məktəbəhazırlıq qrupunun fəaliyyətə başlaması mövcud tələblərə uyğun olmayıb:
“Elm və təhsil nazirinin müvafiq əmrinə əsasən, şəhərlərdə yerləşən ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qruplarının fəaliyyəti üçün - ən azı 15 uşaq olmalıdır.
Qeyd edilən Şuşa rayon 9 nömrəli tam orta məktəbdə məktəbəhazırlığa cəlb edilməsi üçün cəmi 5 nəfərin müraciəti qeydə alınıb. Uşaq sayı kifayət etmədiyindən məktəbəhazırlıq qrupunun fəaliyyətə başlaması mövcud tələblərə uyğun olmayıb”.
Eyni zamanda vurğulanıb ki, məktəbəhazırlıq qruplarında təhsil icbari xarakter daşımır.
"Hansısa təhsil müəssisəsində məktəbəhazırlıq qrupları fəaliyyət göstərmirsə, valideynlər digər məktəblərə müraciət edə bilərlər", - məlumatda qeyd olunub.
***
10:45
Şuşa rayon 9 nömrəli tam orta təhsil müəssisəsində məktəbəhazırlıq qruplarının fəaliyyəti dayandırılıb.
Teleqraf-a müraciət edən valideynlər övladlarının sözügedən məktəbə qəbul olunmadığını, onlara imtina cavabı verildiyini bildiriblər.
Onların sözlərinə görə, 9 nömrəli məktəbdə həmişə məktəbəhazırlıq qrupları olub. Bu il qruplara qeydiyyat iyun ayından başlayıb. Bununla bağlı müraciət edən valideynlərə qeydiyyatın bitməsinə çox az qalmış imtina cavabı verilib və səbəbini qrupların daha təşkil olunmayacağı ilə izah ediblər.
Teleqraf məsələyə aydınlıq gətirmək üçün Qarabağ Regional Təhsil İdarəsinə sorğu ünvanlayıb. İdarə həmin məktəbdə məktəbəhazırlıq qruplarının artıq fəaliyyət göstərmədiyini təsdiqləyib.
"Səbəbi barədə açıqlama veriləcək", - İdarədən qeyd olunub.
Qeyd edək ki, məktəbəhazırlıq qruplarına qeydiyyat bu gün başa çatır.