BAKI, 30 iyun. TELEQRAF
Azərbaycanın dəmir yolları çox ciddi sahədir, hələ o vaxtlar deyirdilər ki, dövlətin şah damarıdır. Sovet dönəmində indiki kimi texnoloji inkişaf yox idi, kompüterlər ölkəyə 1990-cı illərdə gəlməyə başladı, yollarda vəziyyət bərbad idi. Zaman keçdi, bu sahə ciddi inkişaf elədi, dövlət başçısı İlham Əliyev sağ olsun ki, dəmir yolu hələ də fəaliyyət göstərir. Bunun özülündə böyük zəhmət, məsuliyyət dayanır.
Bu sözləri Teleqraf-la söhbətində 75 yaşlı dəmiryolçu Akif Babayev deyib.
A.Babayev Rostovda ali məktəbi bitirəndən sonra həyatını dəmir yollarına bağlayır:
“Ulu öndər Heydər Əliyev kimi mənim atam da dəmiryolçu olub. 33 il dəmir yolu üzrə mütəxəssis yetişdirən peşə məktəbinin direktoru vəzifəsində çalışıb. Ulu öndər deyirdi ki, dəmiryolçular həmişə çox intizamlı olur. Doğrudan da belə idi. İntizamı atamdan öyrənmişəm. Vaqon təsərrüfatı xidmətində adi işçi olmuşam, daha sonra xidmət rəisi vəzifəsinə yüksəlmişəm. Ələt deposunun, Bakı sərnişin deposunun rəisi kimi çalışmışam. Azərbaycan Dəmir Yolunun baş mühəndisi, sədrin birinci müavin olmuşam. 1992-93-cü illərdə Naxçıvana təhkim olunmuşdum, hər şey qapalı idi. Ulu öndər Heydər Əliyev 7 gün hər gün saat 10-da müzakirələr üçün məni çağrırdı, planlardan danışır, müzakirələr aparırdıq. O dəqiqələrə görə fəxr edirəm. Dəmir yolu təsərrüfatını saxlamaq üçün İran vasitəsilə Naxçıvana yanacaq, tikinti materialları göndərirdik. Sədərək körpüsünün tikilməsində iştirak etmişik. Həm dəmir yolu körpüsü, həm də avtomobil yolunun çəkilməsi nəzərdə tutulmuşdu. Körpünün bəzi hissələrini də aparıb boşaltmışdıq, Yollar bağlananda planlaşdırıldı ki, avtomobil yolunu çəkək, sonrakı proseslərə uyğun addımlar atılsın. Hər ay Türkiyə nümayəndələri ilə görüşürdük. Sədərəkdə körpü açılanda Heydər Əliyev şəxsən özü də iştirak etdi. O zaman işlər çətin də olsa, gedirdi. Heydər Əliyev izah edirdi ki, bütün bunlar lazımdır, sabah məsələlər dəyişə bilər, çətin vəziyyətdə qalacağıq, gəlin bunun bünövrəsini qoyaq”.

“İran tərəfinə dedik ki, erməniləri sizdən yaxşı tanıyırıq”
Qocaman dəmiryolçu Ermənistan yollarımızı bağlayanda danışıqlarda iştirak etdiyini xatırlayır: “1990-cı illərdə hadisələrin qızğın vaxtı İran yükləri Azərbaycandan Ermənistana keçə bilmədiyi üçün İran xahiş etdi ki, gəlin üçtərəfli danışıqlar aparaq. Mehri dəhlizi bağlı olduğuna görə onların vaqonları keçə bilmirdi. Bununla əlaqədar Naxçıvanda, Ermənistanın özündə üçtərəfli danışıqlar apardıq. Mən rəhbər kimi danışıqlarda iştirak edirdim. İran tərəfinə əvvəldən dedim ki, onlar yükləri buraxmayacaqlar. Dedik biz onları sizdən yaxşı tanıyırıq. Elə dediyim kimi də oldu. İran yükləri Astaradan vaqonlardan boşaldıb maşınlarla daşımağa məcbur oldular. 6 km piyada gedib Nüvədidə görüşürdük. İrəvandan nəqliyyat naziri, gömrük rəisi gəlirdi. Onlar silahlı gəlirdi, bizi də qəhrəman əsgərlərimiz müşayiət edirdi. İran nümayəndə heyəti teplovozda bayraqla gəldi və üçtərəfli danışıqlar başladı”.
Azərbaycan Dəmir Yolları 145 ildir ki, ölkənin nəqliyyatında böyük rol oynayır. Bu yol təkcə qatarlardan və relslərdən ibarət deyil. İlk dəfə XIX əsrin sonlarında, neft sənayesi sürətlə inkişaf edəndə çəkilməyə başlayıb. O vaxtdan bəri dəmir yolu mədənləri, fabrikləri birləşdirməklə kifayətlənməyib, Azərbaycanı bölgənin vacib keçid nöqtəsinə – tranzit mərkəzinə çevirib. Bu illər ərzində dəmir yolları həm iqtisadiyyata, həm də insanların gündəlik həyatına mühüm töhfə verib. İndi isə sadəcə yük və sərnişin daşımır, həm də ölkənin inkişafına dayaq olur.
Azərbaycan Prezidentinin 2009-cü il 20 iyul tarixli 383 nömrəli Sərəncamına əsasən "Azərbaycan Dəmir Yolları" (ADY) Qapalı Səhmdar Cəmiyyəti təsis edilib. Azərbaycanı regionun dəmir yolu liderinə çevirən ADY sözügedən qərarla infrastrukturun yenilənməsi, yeni texnologiyaların tətbiq edilməsi, dəmir yollarının müasir dövrün tələblərinə uyğun qurulması prosesini sürətləndirir. İdarəetmə mexanizmi təkmilləşir, dövlət dəstəyi ilə strateji yüksəliş baş verir.
Digər ölkələrdən fərqli olaraq ölkəmizdə dəmir yolları ilk dəfə neft sənayesinə xidmət məqsədilə açılıb.
Hələ 1878-ci ildə Bakını neft mədənləri ilə birləşdirən ilk dəmir yolu xəttinin tikintisinə icazə verilən zaman bəlkə də heç kim onun bu qədər inkişaf edəcəyini, ölkənin gələcəyində mühüm rola sahib olacağını bilmirdi.
"Neft sahəsi" adını alan 25,2 verst uzunluğundakı dəmir yolu xətlərinin tikintisi 1879-cu ildə başa çatdırıldıqdan sonra 1880-ci il yanvarın 20-də istifadəyə verilib. Bu yolun ardınca çəkilən Bakı-Tiflis magistralı ilk sərnişini 1883-ci ilin mayın 8-də Tiflisdən Bakıya çatırıb. Məhz bununla da qitələr arasında Azərbaycanın nəqliyyat mərkəzinə çevrilməsi istiqamətində zəmin yarandı. İlk dəfə Bakıda yaradılan yük stansiyasından 1883-cü ildə Tiflisə neft daşıyan vaqonların göndərilməsi ölkənin dünya iqtisadiyyatına inteqrasiya edilməsinə bir işarə idi.
Daha sonra Qara dəniz sahillərinə qədər uzanan relslər Bakını Batumi limanı ilə birləşdirdi və Xəzərlə Qara dəniz arasında sağlam bir körpü salındı. Beləliklə Bakı–Yelizavetpol–Tiflis magistral dəmir yolunun davamı Tiflis–Qori–Kutaisi–Poti–Batumi yolu olduğundan dəmir yolu vasitəsilə Xəzər dənizi ilə Qara dəniz sahilləri birləşdirildi. 1899-cu ildə Azərbaycanın dəmir yollarının bir ucu Cənubi Qafqazdan Mərkəzi Rusiyaya uzanırdı, buna səbəb isə Tiflis-Qars dəmir yolunun istifadəyə verilməsidir. 1900-cü ildə Bakı–Dərbənd xətti işə salındı və ölkəmiz Ümumrusiya dəmir yolu şəbəkəsinə qoşuldu.
Azərbaycan Xalq Cümhuriyyəti ilk hökumət kabinəsində dəmir yolları strateji və siyasi önəm daşıyan bir sahə, prioritet nazirliklərdən biri kimi formalaşdırılıb. Müstəqilliyin elan olunmasından cəmi bir neçə ay sonra, 17 avqust 1918-ci il tarixində qəbul edilən qərarla dəmir yolları Azərbaycanın nəzarətinə keçib. Bu, sadəcə nəqliyyatın yox, ölkənin taleyinin istiqamətinin dəyişdiyi bir dönüş nöqtəsi idi.

Azərbaycan dəmir yollarına rəhbərlik isə Zaqafqaziya Cümhuriyyətində təcrübə toplamış, ağıllı və uzaqgörən mühəndis, məşhur ixtiraçı Xudadat bəy Məlik-Aslanova həvalə edilmişdi. O, yalnız texniki deyil, ideoloji bir yükün də daşıyıcısına çevrilir, müstəqil Azərbaycanın simvolik yollar naziri olur və ardıcıl dörd hökumət kabinetində bu mühüm postu daşıyır.
İnqilabi yeniliklərdən biri isə 1926-cı il iyulun 6-da baş verir. Belə ki, bu zaman Sovet İttifaqının ilk elektrikləşdirilmiş dəmir yolu xətti – Bakı-Sabunçu-Suraxanı marşrutu istifadəyə verilib. Əhali arasında bu yeni xəttə olan tələbat o qədər böyük idi ki, cəmi beş il ərzində – 1926–1931-ci illərdə 10 milyon sərnişin daşındı.
1955-ci il Azərbaycanın dəmir yolları tarixində yeni bir mərhələnin başlanğıcı oldu. SSRİ Yollar Nazirliyinin tərkibində Azərbaycan dəmir yollarına müstəqil status verildi. Bu qərar 13 oktyabr tarixində rəsmi olaraq qəbul edildi və onunla birlikdə Azərbaycan dəmir yolları Zaqafqaziya sistemindən ayrılaraq yenidən öz suveren idarəçilik mexanizmini formalaşdırdı.
Azərbaycan öz dəmir yol sistemini müstəqil şəkildə idarə edərək ölkə daxilində nəqliyyat strategiyasını formalaşdırmaq gücünü əldə etdi. Azərbaycan dəmir yollarının texniki tərəqqi və inkişafında ümummilli lider Heydər Əliyevin əvəzsiz rolu olub. Onun rəhbərliyi inşa edilən Ağdam-Xankəndi dəmir yolu 1979-cu ildə istifadəyə verilib.
Bakı–Yevlax–Xankəndi dəmir yolunun açılması nəticəsində Qarabağın sosial-iqtisadi və mədəni inkişafı daha da sürətləndi, həmçinin Bakı ilə əlaqələri daha da möhkəmləndi.
1991-ci ildə Azərbaycan yenidən müstəqil oldu. Bu müstəqillik təkcə siyasi deyil, bütün sahələrdə milli kimliyin və idarəçiliyin bərpası demək idi. Həmin il yaradılan Azərbaycan Dövlət Dəmir Yolları isə ölkənin öz nəqliyyat strategiyasını müəyyən etməsi yolunda ilk addımlardan biri oldu.
Bakıdan Avropaya uzanan yol
2017-ci ildə Bakı–Tbilisi–Qars dəmir yolu istifadəyə verildi. Bu, sadəcə rels layihəsi deyil eyni zamanda Avropa ilə Asiyanı birləşdirən, Azərbaycanın isə mərkəzdə dayandığı yeni nəqliyyat körpüsüdür. Şərqlə Qərbi qovuşduran bu yol, Azərbaycanın logistika və tranzit gücünü qat-qat artırır, ölkəni regional liderə çevirir.
Elə həmin illərdə Bakı–Sumqayıt xətti də müasirləşdirilir. 2015-ci ildə İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan müasir və sürətli qatarlar bu yolla hərəkətə başlayır. Artıq şəhərlər arasında məsafə deyil, vaxt, rahatlıq və keyfiyyət ön plana keçir.

Yeni stansiyalar, yeni imkanlar
2018-ci ildə Ləki–Qəbələ dəmir yolu xəttinin inşası başlayır. 2021-ci ildə bu gözəl bölgəyə çəkilən 44 kilometrdən çox uzunluğunda müasir dəmir yolu istifadəyə verilir. Bu layihə, Azərbaycanın regionlarını bir-birinə daha sıx bağlayan və turizm potensialını canlandıran addım olur.
2019–2020-ci illər arasında Bakı-Sabunçu, Sabunçu-Pirşağı, Pirşağı–Görədil–Novxanı–Sumqayıt xətləri istifadəyə verilir. Nəticədə Abşeron dairəvi dəmir yolu tam istismara açılır və Bakıətrafı nəqliyyatda yeni bir dövr başlanır.
ADY-nin dəmir yolu şəbəkəsinin genişləndirilməsindəki rolu
Deputat Vüqar Bayramov Teleqraf-a açıqlamasında bildirib ki, Azərbaycan beynəlxalq dəhlizlərin genişləndirilməsini dəstəkləyən ölkədir: “Bir tərəfdən Orta dəhlizin genişlənməsi müşahidə olunur. Xüsusən Rusiya-Ukrayna müharibəsindən sonra Orta dəhliz vasitəsilə daşınan yüklərin həcmində artımlar özünü göstərir. Şimal-Cənub nəqliyyat dəhlizinin də genişlənməsi müşahidə olunur ki, bu da dəhlizlər vasitəsilə Azərbaycan üzərindən daha çox yüklərin daşınması anlamına gəlir. İndiki müasir çağırışlar, eyni zamanda yükdaşımalardakı maya dəyərini nəzərə alsaq, birmənalı şəkildə nəqliyyat dəhlizləri dəmir yolu şəbəkəsinin genişləndirilməsini özündə ehtiva edir. Çünki dəmir yolu şəbəkəsinin genişləndirilməsi çox vacib məqamdır. Bu şəbəkənin genişləndirilməsi daha çox yüklərin uyğun, tarif maya tarifi ilə daşınmasına imkan yaradır”.

Onun sözlərinə görə, ADY son illər elektron xidmətləri tətbiq edən qurumlardandır:
“ADY-nin bir tərəfdən dəmir yol şəbəkəsinin genişlənməsi kontekstindən, həm də elektron xidmətlərdən istifadə edərək yenilikləri tətbiq etməsi Azərbaycan üzərindən yüklərin daşınmasına təsir göstərir. Azərbaycan dəmir yollarının bütövlükdə ölkəmiz üzərindən nəqliyyat dəhlizlərinin genişləndirilməsi, həm də nəqliyyat xidmətlərinə əlçatanlığının təmin olunmasında xüsusi rolu var. Son innovativ fəaliyyətlər də ondan xəbər verir ki, dəmir yolu daşınmaları növbəti mərhələdə Azərbaycanda xüsusən də nəqliyyat dəhlizləri üzərindən vacib istiqamətlərdən birinə çevriləcək”.
Bu gün “Azərbaycan Dəmir Yolları” keçmişin təcrübəsi, bu günün texnologiyası və sabahın vizyonu ilə hərəkət edir. Polad relslər üzərində təkcə qatarlar yox – Azərbaycanın sabaha inamı da irəliləyir.
Yazı "Azərbaycan Dəmir Yolları" QSC və Mətbuat Şurasının "Azərbaycan Dəmir Yolları - 145 illik inkişaf yolu" mövzusundakı birgə müsabiqəsinə təqdim olunur.