BAKI, 18 dekabr. TELEQRAF
2025-ci ildə innovativ və müasir yanaşmalar tətbiq edən, ixracyönümlü məhsul və xidmətlər istehsal edən, aktiv investisiya fəaliyyəti ilə seçilən və məşğulluğun artırılmasına töhfə verən 17 biznes subyekti “Dayaq” mükafatına layiq görülüb.
Teleqraf xəbər verir ki, İqtisadiyyat Nazirliyinin dəstəyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə “Güc biznesindir” devizi altında keçirilən “Dayaq” mükafatının təqdim olunması mərasimində 300-dən çox iş adamı, startap, biznes assosiasiyalarının nümayəndələri, millət vəkilləri, dövlət qurumlarının təmsilçiləri və Marsol Group partnyorları iştirak ediblər.
Tədbir çərçivəsində mükafatlandırılan 17 sahibkarlıq subyektindən Marsol Group partnyoru “MMED Life” şirkətinin direktoru Günay Mustafayeva “Uğurlu qadın sahibkar”, “Helind Enerji” şirkətinin təsisçisi Tamerlan Quliyev “Ekoloji məsuliyyət”, “AzCotton” şirkətinin baş icraçı direktoru Taleh Məmmədov isə “İlin investoru” nominasiyası üzrə “Dayaq” mükafatına layiq görülüb.
Bununla yanaşı, “Məlhəm Beynəlxalq Hospital”ın rəhbəri Sevda Əlizadə tədbirin “Uğur hekayələri” bölməsində çıxış edərək dövlət dəstəyi sayəsində əldə etdiyi nailiyyətlər və sahibkarlıq fəaliyyəti çərçivəsində qazandığı uğurlardan danışıb.
Qeyd edək ki, “Dayaq” mükafatı ölkədə sahibkarlığın inkişafına töhfə verən, innovasiya və dayanıqlı biznes modelləri ilə seçilən şirkət və sahibkarların fəaliyyətinin təşviq olunması məqsədi daşıyır. Marsol Group partnyorlarının bu nüfuzlu mükafata layiq görülməsi onların biznes mühitində artan rolunun göstəricisi kimi qiymətləndirilir.