BAKI, 24 iyun. TELEQRAF
“Olimpiada qalibi olmaq fərqlənmək və seçilmək deməkdir. Sizin hər birinizi ürəkdən təbrik edirəm. Bu uğur bilik və bacarıqlarınızın göstəricisidir”.
Teleqraf xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev 2024-2025-ci tədris ili üzrə Respublika Fənn Olimpiadaları qaliblərinin mükafatlandırılma mərasimində deyib.
“Xüsusilə vurğulamaq istəyirəm ki, savadlı olmaq təkcə bilik sahibi olmaq deyil, həm də digərləri ilə müqayisədə daha çox məsuliyyət daşımaq deməkdir. Bu məsuliyyəti heç vaxt unutmamağınızı tövsiyə edirəm. Qazandığınız bilik və bacarıqları yalnız özünüz üçün deyil, ətrafınızdakı insanlar və cəmiyyət üçün də istifadə etməyə çalışın”.
Nazir qeyd edib ki, əvvəlki illərdə Respublika Fənn Olimpiadaları təxminən 1000 nəfəri əhatə edirdisə, bu il iştirakçı sayı 82 min nəfəri keçib:
“Bu, çox böyük göstəricidir. Əsas məqsədimiz istedadlı gəncləri vaxtında üzə çıxarmaqdır. Elm tutumlu sahələrin inkişafı üçün bu yanaşma son dərəcə vacibdir”.