BAKI, 26 may. TELEQRAF
"Azərbaycan multikulturalizm təşkilatlarında öz təcrübəsini bölüşməyə hazırdır".
Teleqraf xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda baş tutan “İslamafobyada Qlobal Meyillər: Çağırışlar və Cavablar” adlı panel müzakirəsində deyib.
O bildirib ki, islamofobiya bəzi dövlətlərin siyasətində proqramlar və s. səviyyəsində əksini tapır:
"Bəzi ölkələrdə islama terrorizm amili kimi baxılır. Bunun həlli üçün islamofobiyanın köklərinə enməliyik. Bəzi ölkələrin təcrübələrindən öyrənməliyik. Azərbaycanda müxtəlif dinlər arasında əlaqələrin gücləndirilməsi dövlət siyasətinin əsas xətlərindən biridir. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycanda bütün dinlərin nümayəndələri rahat şəkildə yaşayır. Qeyd etməliyəm ki, İslam bəzi siyasi məqsədlər üçün istifadə olunur. Ermənistanın işğalı zamanı yüzlərlə dini abidələrimiz məhv edilmişdir. Digərləri isə ermənilərin irsi kimi təbliğ edilirdi. İşğaldan azad edildikdən sonra həmin ərazilərdə Heydər Əliyev Fondu dini abidələrin bərpasına çalışıb. İslamofobiya bizim siyasətimizə ziddir. Bu, həmçinin qlobal miqyasda dəyərlərə ziddir. Azərbaycan multikulturalizm təşkilatlarında öz təcrübəsini bölüşməyə hazırdır".