BAKI, 22 may. TELEQRAF

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2024-cü ili "Ailə İli" elan etdi və bu çərçivədə ölkədə çoxsaylı layihələr həyata keçirildi. 10–11 iyun tarixlərində isə Bakıda Türk Dövlətlər Təşkilatının təşkilatçılığı ilə Ailə Vəqfləri bir araya gələrək geniş bir görüş keçirəcəklər".

Teleqraf xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün “Müasir dövrdə ailə dəyərlərimiz” adlı paneldə çıxışı zamanı deyib.

"Müasir dövrdə informasiya və kommunikasiya texnologiyalarının inkişafı, media imkanlarının genişlənməsi, qadınların iş həyatına daha fəal şəkildə cəlb olunması ailə modelinə təsirsiz ötüşmür. Modernləşmənin gətirdiyi bir sıra müsbət imkanlarla yanaşı, bəzi mənfi təsirləri də var.

Eyni zamanda, pandemiya dövrü ailənin əhəmiyyətini bir daha ön plana çıxardı. Ailə dəyərləri və yaxınlıq hissi bu dövrdə insanlara mənəvi dayaq oldu. Bununla belə, sosial media və telefon asılılığı kimi faktorlar ailə içi münasibətləri zəiflədir, fərdlər arasındakı emosional bağlara mənfi təsir göstərir.

Beləliklə, çağdaş dünyada ailə dəyərlərinin yaşadılması təkcə dövlətin və ictimai institutların deyil, hər bir fərdin və ailənin məsuliyyətidir", - deyə B.Akgün bildirib.