BAKI, 15 aprel. TELEQRAF

Bu il Audiovizual Şura ilə Serbiyanın Elektron Media Tənzimləyici Qurumu arasında memorandum imzalana bilər.

Teleqraf xəbər verir ki, bunu Audiovizual Şuranın sədri İsmət Səttarov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin yayım tənzimləyici orqanlarının Forumunun (BRAF) XI toplantısında deyib.

O bildirib ki, memorandumun yekunu üzərində iş başa çatıb.

"Biz memorandum üzərində işləmişik və bu il onu imzalamağa hazırıq. Serbiya ilə Azərbaycan arasında əlaqələr təkcə ölkələrimizin rəhbərləri arasında şəxsi münasibətlərə görə deyil, həm də çoxlu sayda birgə biznes layihələri, eləcə də enerji və infrastruktur sahələrində həyata keçirilən layihələrə görə xüsusi xarakter daşıyır",- deyə sədr bildirib.

O qeyd edib ki, Yunanıstanla mediamız və media tənzimləyiciləri arasında daha sıx əlaqələrin qurulması hər iki ölkə üçün çox faydalı olacaq.

Qara Dəniz Yayım Tənzimləyici Qurumlarının Forumunun baş katibi Deniz Güçer çıxışında deyib ki, bu gün görüntülü və səsli media, yayımlar uşaqlar və gənclər üçün həddən artıq informasiya bolluğu yaradır.

Onun sözlərinə görə, uşaqlar onlar üçün zərərli kontentin təsirinə məruz qalırlar: "Başqa bir problem də uşaqların sosial mediada necə təqdim edilib, necə göstərilməsidir. Yayım xidmətlərində uşaqların necə qorunmasına dair bir həll yolu tapmaq bizim ümumi problemimizdir.

Bu forumda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin yayım tənzimləyici orqanları olaraq qarşılaşdığımız problemlər və təcrübələrimizdən danışacaq, ortaq həll yolları axtaracağıq".

Tədbirdə bir neçə ölkənin Audiovizual Şurasının nümayəndəsi çıxış edib. Onlar ölkələrində olan media sahəsi və qayda-qanunları barədə məlumat verib, təqdimatla çıxış ediblər.

Həmçinin Qara Dəniz Yayım Tənzimləyici Qurumlarının Forumunun (BRAF) növbəti toplantısının bu ilin payızında Albaniyada keçirilməsi barədə qərar qəbul olunub.

Qeyd edək ki, BRAF region ölkələrinin yayım tənzimləyici qurumları arasında dialoq və əməkdaşlığın genişləndirilməsi, fikir və təcrübə mübadiləsinin aparılması məqsədilə yaradılmış mühüm regional platformadır.

Serbiya, Rumıniya, Yunanıstan, Albaniya, Bolqarıstan, Türkiyə, Moldova, Gürcüstan və Azərbaycanın audiovizual media sahəsi üzrə tənzimləyici qurumlarının 30-dək rəhbər və səlahiyyətli nümayəndələrinin, həmçinin, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Medianın İnkişafı Agentliyinin məsul şəxslərinin və media təmsilçilərinin bir araya gəldiyi toplantının əsas mövzusu “Media xidmətlərində uşaqların müdafiəsi”dir.

Tədbir çərçivəsində son zamanlarda üzv ölkələrdə audiovizual medianın tənzimlənməsi sahəsində baş verən yeniliklərə həsr olunmuş ümumi sessiya, habelə “Uşaqların müdafiəsi sahəsində hüquqi tənzimləmə və onun effektiv icrası” və “Uşaqların müdafiəsidə media savadlılığının və valideyn nəzarətinin rolu” mövzularında panel sessiyaların təşkili baş tutub.