BAKI, 14 fevral. TELEQRAF

Uşaqların birinci sinfə qəbul qaydaları dəyişir. Belə ki, Abşeron rayonu, Bakı, Sumqayıt və Gəncə şəhərlərində yerləşən və sıxlıq müşahidə edilən bir sıra məktəblərə qəbul zamanı üstünlük hüququ (prioritet) tətbiq olunur.

Bu hüquqdan kimlər istifadə edə bilər?

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Teleqraf-a bildirilib ki, üstünlük hüququ məktəbin yerləşdiyi ərazidə yaşayanları, bacı və ya qardaşı həmin məktəbdə oxuyanları, valideynlərdən biri həmin məktəbdə işləyənləri əhatə edir. Sumqayıt şəhəri üzrə prioritet tətbiq edilən məktəblərin mikroəraziləri isə yaxın günlərdə ictimaiyyətə elan ediləcək.

Ən uyğun məktəb

Mövzu ilə bağlı Teleqraf-a danışan təhsil eksperti Kamran Əsədov sözügedən yeniliyin məqsədlərindən danışıb. Onun sözlərinə görə əsas məqsəd məktəblərdə şagird sıxlığının tənzimlənməsi və valideynlərin seçim prosesini daha şəffaf və sistemli hala gətirməkdir.

"Yeni qaydaya əsasən, müəyyən edilmiş üstünlük meyarlarına uyğun gələn uşaqların məktəbə qəbul zamanı digər müraciət edənlərə nisbətən öncəliyi olur. Üstünlük hüququ əsasən üç meyar üzrə tətbiq edilir. Birinci meyar uşağın valideyninin və ya qanuni nümayəndəsinin həmin məktəbin yerləşdiyi mikroərazidə qeydiyyatda olmasıdır. Bu qayda xüsusilə böyük şəhərlərdə məktəb seçimi ilə bağlı yaranan sıxlığı və valideynlərin məcburi şəkildə digər məktəblərə yönləndirilməsini azaltmaq məqsədi daşıyır. Mikroərazi prinsipi tətbiq edildikdə, yaxınlıqda yaşayan uşaqların yaşadığı əraziyə ən uyğun məktəbdə təhsil alması təmin edilir. İkinci meyar uşağın valideyninin həmin məktəbdə pedaqoji və ya inzibati heyət kimi çalışmasıdır. Bu, məktəblərdə işləyən müəllim və digər işçilərin öz övladlarının həmin müəssisədə təhsil almasını təmin etməyə yönəlib. Bu hal bir çox ölkələrdə tətbiq olunan təcrübədir və müəllimlərin iş şəraitini daha uyğun hala gətirir. Üçüncü meyar isə, məktəbdə artıq təhsil alan bacı və ya qardaşın olmasıdır. Ailənin bir neçə övladının eyni məktəbdə oxuması təşkilati baxımdan valideynlər üçün daha əlverişli şərait yaradır və ailə üzvlərinin təhsil sisteminə uyğunlaşmasını asanlaşdırır. Eyni zamanda, bu yanaşma məktəb icmaları içərisində sosial inteqrasiyanı gücləndirir”, - ekspert bildirib.

Əvvəllər məktəb yerləri məhdud idi...

Kamran Əsədov yeni qəbul forması ilə əvvəlki qaydanın fərqlərinə də toxunub:

“Əvvəlki qaydalar çərçivəsində bütün valideynlər uşaqlarının birinci sinfə qəbulu üçün istədikləri məktəbə müraciət edə bilərdilər və müraciətlər əsasən sıra prinsipinə uyğun qiymətləndirilirdi. Məktəb yerləri məhdud olduğunda isə seçim prosesi çətinləşirdi. Yeni tətbiq edilən üstünlük hüququ isə məktəblərin yerləşdiyi ərazilər üzrə müəyyən edilmiş meyarlara cavab verən ailələrə prioritet tanıyır və bununla da qəbul prosesində daha sistemli bir yanaşma formalaşdırır. Bəzi xüsusi təhsil müəssisələrində bu qayda tətbiq edilmir. Məsələn, Bakı Avropa Liseyi, Respublika İncəsənət Gimnaziyası və Bülbül adına Orta İxtisas Musiqi Məktəbi kimi xüsusi imtahan və seçimlə qəbul aparan məktəblərdə üstünlük hüququ nəzərə alınmır. Bu məktəblərə qəbul tamamilə müsabiqə əsaslı şəkildə həyata keçirilir və yalnız şagirdlərin bilik və bacarıqları əsas götürülür”.

Yeni qaydaların da öz çətinliyi var

Ekspert hesab edir ki, bu yeniliyin əsas üstünlüklərindən biri məktəblərdə sıxlığı idarə etmək və təhsil müəssisələrinə daha balanslı şagird axını təmin etməkdir:

“Böyük şəhərlərdə bəzi məktəblərə həddindən artıq müraciət olduğu halda, digərləri daha az şagird qəbul edir. Üstünlük hüququ tətbiq etməklə, mikroərazilər üzrə şagirdlərin məktəblərə paylanması daha nizamlı şəkildə həyata keçirilir. Bu, məktəb infrastrukturunun daha effektiv istifadəsinə və siniflərdə optimal şagird sayının qorunmasına imkan yaradır. Digər tərəfdən, yeni qaydanın müəyyən çətinliklər yaratma ehtimalı da var. Ərazi üzrə qeydiyyat prinsipi bəzi valideynlər üçün məhdudiyyətlər yarada bilər. Xüsusilə keyfiyyətli təhsilə üstünlük verən ailələr üçün yaşadıqları mikroərazidə istədikləri məktəbin olmaması onların seçim imkanlarını azalda bilər. Buna görə də, gələcəkdə sistemin daha da təkmilləşdirilməsi üçün alternativ mexanizmlər üzərində düşünmək vacibdir. Üstünlük hüququnun tətbiqi məktəb qəbul sistemini daha nizamlı hala gətirmək və məktəblər arasındakı yüklənməni bərabər şəkildə bölüşdürmək baxımından mühüm addımdır. Bununla yanaşı, valideynlərin məktəb seçimi azadlığını məhdudlaşdırmadan daha çevik bir modelin tətbiqi üçün əlavə alternativlərin nəzərdən keçirilməsi gələcəkdə daha ədalətli və effektiv qəbul sisteminin formalaşmasına töhfə verə bilər”.