TBİLİSİ, 12 fevral. TELEQRAF

“Avropa Parlamentinin qətnaməsinin bizim üçün heç bir dəyəri yoxdur, belə ki, onların mahiyyəti və məzmunu ədalətsizdir”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Avropa Parlamenti bu günə qədər Gürcüstanla bağlı beş qətnamə qəbul edib və onların hamısı qeyri-ciddi olub.

“Növbəti altıncı qeyri-ciddi qətnamənin qəbulu gözlənilir. Bu qətnamə də əvvəlkilər kimi bizim üçün heç bir dəyər kəsb etməyəcək, çünki Gürcüstandakı mövcud reallığı əks etdirmir”, - baş nazir söyləyib.

Qeyd edək ki, sabah Avropa Parlamentində Gürcüstanla bağlı növbəti qətnamənin qəbulu gözlənilir. Qurumda Gürcüstandakı vəziyyətlə bağlı bu ilin yanvarın 21-də müzakirələr aparılıb. Deputatlar Gürcüstanda ötən ilin oktyabrında baş tutmuş seçkiləri qeyri-azad, ədalətsiz qiymətləndiriblər və il ərzində təkrar seçkilərin keçirilməsinə çağırış ediblər.