![](https://teleqraf.az/storage/2024/12/25/715x378/ilham_eliyev.jpg)
BAKI, 12 fevral. TELEQRAF
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.
Teleqraf xəbər verir ki, fəramana əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin (bundan sonra – Agentlik) Aparatının işçilərinin say həddi 214 ştat vahidi, regional bölmələrinin işçilərinin say həddi 105 ştat vahidi müəyyən edilib.
Həmçinin, fəramda deyilir: "Agentlik Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin (bundan sonra – Xidmət) hüquqi varisidir, onun bütün hüquq və öhdəlikləri, habelə əmlakı Agentliyə keçir. Agentliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı təsdiq edilənədək Xidmətin strukturuna daxil olmayan tabeliyindəki qurumlar fəaliyyətini davam etdirirlər və onların strukturu, işçilərinin say həddi, vəzifə maaşları, əməyin ödənilməsi sistemi, xidmətkeçmə ilə bağlı hüquq və vəzifələri bu Fərmanın 5.1-ci bəndi icra olunanadək dəyişməz qalır. Ölkədə dövlət əyar nəzarətini və qiymətli metalların, qiymətli daşların istehsalı, emalı, istifadəsi və dövriyyəsi, habelə emal edilməmiş almazların idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması, o cümlədən izlənməsi sahələrində dövlət nəzarətini, həmçinin emal edilməmiş almazın idxalına və ixracına rəy verilməsini Agentlik bilavasitə və tabeliyindəki qurumlar vasitəsilə həyata keçirir".
Nazirlər Kabineti Agentliyin təklifləri əsasında, onun strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısını iki ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
Fərmandan irəli gələn digər məsələlərin həll edilməsi Maliyyə Nazirliyinə tapşırılıb.