BAKI, 12 fevral. TELEQRAF

Suraxanı rayonunda növbəti dəfə narkomaniya ilə mübarizə mövzusunda maarifləndirici tədbir fevralın 12-də 285 saylı tam orta məktəbdə təşkil olunub.

Teleqraf xəbər verir ki, tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin və Rayon Polis İdarəsinin nümayəndələri, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.

Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbiri giriş sözü ilə açan məktəbin direktoru Nuranə Yəhyayeva qonaqları salamlayaraq bildirib ki, narkomaniya elə bir bəladır ki, onunla bütün cəmiyyət mübarizə aparmalıdır. O, şagirdlərə narkotik aludəçiliyinin insan səhhətinə, sağlamlığına vurduğu zərbələrdən bəhs edib.

Sonra məktəbin şagirdlərinin təqdimatında narkotik vasitələrdən istifadə və onun yaratdığı fəsadlardan bəhs edən səhnəcik və videoçarx nümayiş olunub.

Rayon İcra Hakimiyyətinin nümayəndəsi Novruz Əhmədov, Rayon Polis İdarəsinin rəis müavini Surxay Vəliyev, İdarənin yetkinlik yaşına çatmayanlarla iş üzrə profilaktiki bölməsinin rəisi Əfqan Ağayev və digər qonaqlar çıxışlarında narkomanlığın insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan, həmçinin cinayətkarlığın artmasına səbəb olan əsas amillərdən biri olduğunu qeyd edərək gənclərə mədəni-asudə vaxtlarının səmərəli və düzgün təşkil etmələrini tövsiyə ediblər.