BAKI, 12 fevral. TELEQRAF

"Hazırda uşaqlar üçün maqnitlərlə olan xüsusi ağıllı oyuncaqlar istehsal edilir. Bu oyuncaqları kiçik yaşlı uşaqlara almağı məsləhət görmürük. Uşaqların maqnit udması çox ağır pozuntulara səbəb olur. Məsələn, mədə-bağırsaq divarların yırtılması, daxili qanaxmalar və s.”.

Teleqraf xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun uşaq cərrahı Umud Musayev deyib.

O bildirib ki, batareyalar da (xüsusilə diskşəkilli) çox təhlükəlidir.

"Mədənin turş mühitinə düşdükdə onlar ziyanlı maddələri buraxmağa başlayır ki, nəticədə mədənin kimyəvi yanığına səbəb olur. Bu halda da uşağı dərhal həkimə çatdırmaq lazımdır. Həmçinin nisbətən iri və ağır əşyaların (misal üçün, dəmir kürəciklər, iri dəmir pul və s.) udulması uşağın səhhəti və hətta həyatı üçün ciddi təhlükə yaradır. Müəyyən müddət ərzində burada qaldıqda, bu əşyalar mədə-bağırsaq traktının divarını yırta, bu uşağın həyatı üçün təhlükəli olan daxili qanaxmaya səbəb ola bilər. Məhz bu səbəbdən, uşağın mədə-bağırsaq traktına yad cisim düşdükdə, mütləq onun buradan çıxıb-çıxmadığına fikir verin. Bunun üçün uşağın hər nəcis ifrazına nəzarət etmək lazımdır. Əgər uşaq unitazdan istifadə edirsə, bir müddət ərzində onu güvəcə otuzdurun. Uşaq iti, kəsici, iri və ağır əşyanı, batareyanı, maqniti udubsa dərhal həkimə müraciət edilməlidir”- deyə Umud Musayev bildirib.