
Esmira Orucova: “Bunu gecikmiş addım hesab edirəm”
ABŞ Dövlət Departamenti Ermənistan tərəfini işğal edilmiş Azərbaycan torpaqlarında girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevi azad etməyə çağırıb. Bu barədə Dövlət Departamentinin mətbuat katibi Cen Psaki bildirib: “Bundan əvvəl biz ABŞ-ın Minsk qrupundakı səfiri Ceyms Uorlikin vasitəsilə hər iki girovun Azərbaycan hökumətinə geri qaytarılmasını dəstəkləmişik. Ümumilikdə keçmişdə tərəflər humanitar jest olaraq girovların qaytarılmasında yol tapıblar və bu kimi hallar tərəflər arasında gərginliyin azalmasında və inamın qurulmasında özünü göstərib”.
Lakin bu həmin Cen Psakidir ki, ötən ilin oktyabrında ABŞ Dövlət Departamentinin ənənəvi mətbuat konfransında Azərbaycan vətəndaşları Dilqəm Əsgərov və Şahbaz Quliyevin öz ata-baba torpaqlarında ermənilər tərəfindən girov götürülmələri və onlara keçirilən qondarma “məhkəmə prosesi” ilə bağlı sualı cavablandırmaqdan imtina etmişdi. O, bununla bağlı sualı şərh etmək istəməmişdi: “Bu konkret iş barədə bizim kifayət qədər məlumatımız yoxdur”.
Amma fevralın 17-də ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nuland Bakıya səfəri zamanı bəyan etmişdi ki, Ermənistanda saxlanılan azərbaycanlı girovlar qaytarılmalıdırlar. O qeyd edib ki, bu, humanitar addım kimi həyata keçirilməlidir: “Mən bu mövqeni Yerevanda səsləndirəcəyəm”.
Dövlət Departamentinin nümayəndəsi Bakıda qeyd etdiyi kimi, Ermənistan tərəfini işğal edilmiş Azərbaycan torpaqlarında saxlanılan azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevi azad etməyə çağırıb.
Viktoriya Nulandın Bakıya səfərindən sonra Dövlət Departmanentinin mətbuat katibi Cen Psakinin girovlarla bağlı hansısa fikir səsləndirəcəyi gözlənilən idi. Lakin onu da qeyd etmək yerinə düşər ki, C.Psakinin bu bəyanatına separatçı Dağlıq Qarabağ rejimi məhəl qoymayacağını açıqlayıb. Özünü qondarma rejimin mətbuat katibi adlandıran David Babayan azərbaycanlı girovların qaytarılmasının mümkünsüz olduğunu açıqlayıb. O, ABŞ dövlət Departamentinin çağırışını qəribə hesab edərək, separatçı rejimin mövqeyinin artıq açıqlandığını bildirib: “Azərbaycan Ramil Səfərovu qəhrəmana çevirir, amma bu cür bəyanatlar olmur. İndi isə Azərbaycan lobbisi hansısa cəhdlər etməyə çalışır. Hesab edirəm, məsələ bağlanıb. Biz humanitar jest edərək açıq, şəffaf məhkəmə işi aparmışıq”.
Məsələyə münasibət bildirən “Həsrət Yolu” Əsir və Girovlara kömək İctimai Birliyinin sədri Esmira Orucova ABŞ Dövlət Departamentinin çağırışını gecikmiş addım hesab edib.
Onun sözlərinə görə, azərbaycanlı girovlar Kəlbəcərdə girov götürüləndən az sonra Baş nazirin müavini Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara onların qeyd-şərtsiz qaytarılması üçün müraciətlər etmişdi:
“Həmin dövrdə müraciət olunan yerlərin bəzilərindən cavab gəlmişdi, bəzilərindən isə yox. ABŞ Dövlət Departamentinin rəsmisi tərəfindən xeyli müddətdən sonra girovların azad olunması bəyanatını gecikmiş addım hesab edirəm. Amma gec də olsa, belə reaksiyanın verilməsi Ermənistana olan bir təzyiq vasitəsidir və ümid etmək olar ki, girovlarımızı qaytaracağıq. Amma girovların Vətənə qayıtmasında Prezident İlham Əliyevə güvənirəm. İnanıram ki, dövlət başçısının səyin nəticəsində Dilqəm Əsgərov və Şahbaz Quliyev tezliklə evlərinə qayıdacaq. Beynəlxalq təşkilatlar, dünya ölkələri bu məsələdə o qədər də səmimi deyillər və kömək gözləmirəm. Əgər kömək etsəydilər, bir neçə ay əvvəl girovlarımızın Vətənə qayıdışını görərdik”.
BƏXTİYAR