BAKI, 5 oktyabr. TELEQRAF
Bu ilin yanvar-sentyabr aylarını, o cümlədən sentyabr ayını əhatə edən dövr ərzində 41 cərrah barədə inzibati tənbeh tədbiri seçilərək, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsaslanan protokollar tərtib edilib.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən (AEM) məlumat verilib.
Bildirilib ki, həmin cərrahlar əsasən plastik cərrahiyyə, ümumi cərrahiyyə, uşaq cərrahiyyəsi, cərrahi stomatologiya və neyrocərrahiyyə sahələri üzrə fəaliyyət göstəriblər.
"Aşkar edilmiş pozuntularla bağlı İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinə əsaslanan protokollar tərtib edilib və müvafiq icraata göndərilib.
AEM bildirir ki, cərrahi xidmətlər sahəsində qanun pozuntularının aşkarlanması və aradan qaldırılması istiqamətində nəzarət tədbirləri davam etdirilir. AEM vətəndaşların müraciətlərini müəyyən edilmiş qaydada obyektiv və operativ şəkildə araşdırır, aşkar edilmiş qanun pozuntuları ilə bağlı qanunvericiliyə uyğun tədbirlər görür.
Eyni zamanda vətəndaşlara tövsiyə olunur ki, cərrahi və estetik xidmətlərdən yararlanmazdan əvvəl müəssisənin lisenziyasının və həkimin müvafiq ixtisas sənədlərinin olub-olmadığını yoxlasınlar. Bu, həm xidmətin keyfiyyəti, həm də vətəndaşların sağlamlıq təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır", - məlumatda vurğulanıb.
Qeyd edilib ki, AEM tərəfindən cərrahiyyə sahəsində tibbi fəaliyyətin qanunvericiliyə uyğunluğuna dair yoxlamalar davam etdirilir. Yoxlamaların əsas məqsədi vətəndaşların sağlamlığının qorunması, cərrahi xidmətlərin təhlükəsizliyinin təmin edilməsi və həkimlərin ixtisas tələblərinə riayət olunmasının nəzarətdə saxlanmasıdır.