BAKI, 5 oktyabr. TELEQRAF
Ermənistanda 20 il əvvəl baş vermiş dövlət əmlakının özgəninkiləşdirilməsi zamanı mümkün qanun pozuntuları faktı ilə bağlı cinayət işi başlanıb.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.
Söhbət Araqatsotn rayonunda yerləşən restoran kompleksi və ona bitişik 2,56 hektar torpaq sahəsindən gedir.
Məlumata görə, dövlət mülkiyyətində olan bina və tikililərin özgəninkiləşdirilməsinə müdafiə nazirinin məruzəsi əsasında hökumətin müvafiq qərarı ilə icazə verilib. Həmin dövrdə müdafiə naziri Serj Sərkisyan olub. Əmlakın fiziki şəxsə birbaşa 500 min dollara satılmasına icazə verilib.
Hələ 1997-ci ildə həmin əmlakın dəyəri 500 min dollar qiymətləndirilmişdi. Bundan sonra restoran kompleksi genişləndirilib, yeni tikililər inşa edilib və abadlaşdırılıb. Özgəninkiləşdirilmədən bir il sonra - 2005-ci ildə onun ləğvetmə dəyəri 700 min dollar müəyyən edilib.
Prokurorluq 2,56 hektar sahəyə malik torpaq sahəsi ilə bağlı digər halları da müəyyənləşdirib.
Prokurorluq materialları Korrupsiyaya qarşı Mübarizə Komitəsinə göndərib. Hərbi prokurorluq dövlətin maraqlarının müdafiəsi məqsədilə məhkəməyə iddia ərizəsi təqdim edib. İddia icraata qəbul olunub.