BAKI, 3 oktyabr. TELEQRAF
Müasir Azərbaycan dövlətinin memarı Ümummilli Lider Heydər Əliyevin zəngin və şərəfli ömür yolu dövlətçilik irsimizin qızıl salnaməsidir. Onun siyasi fəaliyyətinin hər bir mərhələsi Azərbaycanın milli maraqlarının qorunması, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və xalqımızın gələcək inkişafının təmin olunması ilə sıx bağlıdır.
Bu sözləri Milli Məclisin deputatı Səbinə Salmanova deyib.
Deputatın sözlərinə görə, bu böyük siyasi irsin ən mühüm səhifələrindən biri 1993-cü il oktyabrın 3-də Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə başlayıb:
"Həmin seçki Azərbaycan dövlətçiliyinin taleyində mühüm dönüş nöqtəsi olmaqla, ölkənin mürəkkəb və ağır sınaqlar qarşısında qaldığı bir vaxtda sabitlik və inkişaf mərhələsinə keçidin siyasi əsaslarını formalaşdırdı.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdiyi ilk illərdə ağır sınaqlarla üz-üzə qalmış, ölkədə siyasi və iqtisadi böhran dərinləşmiş, dövlət idarəçiliyində ciddi problemlər yaranmış, Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın işğalı genişlənmişdi.
1990-cı illərin əvvəllərində hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün səriştəsiz idarəçiliyi, dövlətçilik təcrübəsinin və siyasi iradənin çatışmazlığı ölkəni faktiki olaraq idarəolunmaz vəziyyətə gətirmişdi.
Cənab Prezident İlham Əliyev oktyabrın 2-də Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxışı zamanı həmin dövrü xarakterizə edərək xatırlatdı ki, o vaxt Azərbaycan artıq idarəolunmaz vəziyyətə düşmüşdü. Müstəqillik bərpa ediləndən sonra, hətta ona qədər biz böyük itkilərlə üzləşmişdik. Həm torpaq itkisi, eyni zamanda, ölkəmizdə gedən xoşagəlməz proseslər faktiki olaraq Azərbaycanı uğursuz dövlətə çevirirdi.
Möhtərəm Prezident İlham Əliyevin bu fikirləri 1993-cü ilin siyasi reallıqlarının mahiyyətini bir daha aydın şəkildə ortaya qoyur. Məhz belə mürəkkəb tarixi şəraitdə xalqın Heydər Əliyevə üz tutması təsadüfi deyildi. Azərbaycan xalqı dövlətçiliyi qoruyacaq, ölkəni parçalanmaq təhlükəsindən çıxaracaq və müstəqilliyi möhkəmləndirəcək siyasi liderə ehtiyac duyurdu".
Səbinə Salmanova hesab edir ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycana qayıdışı və 1993-cü il oktyabrın 3-də Prezident seçilməsi ölkənin tarixində yeni mərhələnin başlanğıcını qoydu:
"Hesab edirəm ki, 1993-cü ilin 3 oktyabr tarixi Azərbaycan dövlətçiliyin taleyinin həll olunduğu, ölkəmizin gələcək inkişaf istiqamətinin müəyyənləşdiyi mühüm dönüş mərhələsidir.
Ümummilli Lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra ilk növbədə dövlət idarəçiliyində sabitliyi bərpa etdi, vətəndaş qarşıdurmasının qarşısını aldı və cəmiyyətdə dövlətə inamı yenidən formalaşdırdı.
Ulu Öndərin siyasi iradəsi və dövlətçilik təcrübəsi Azərbaycanın parçalanma təhlükəsindən xilas olaraq müstəqil inkişaf yoluna çıxmasına imkan verdi. Bu baxımdan 3 oktyabr 1993-cü il tarixi müasir Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi tarixində xüsusi yer tutan hadisədir”.
Səbinə Salmanova qeyd edib ki, bugünkü güclü, qüdrətli Azərbaycan Ulu Öndər Heydər Əliyev siyasətinin nəticəsidir:
“Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası sonrakı illərdə Azərbaycanın hərtərəfli inkişafının möhkəm təməlini formalaşdırdı. Onun siyasi kursunun Prezident İlham Əliyev tərəfindən böyük qətiyyət və ardıcıllıqla davam etdirilməsi nəticəsində Azərbaycan iqtisadi qüdrətini artırdı, beynəlxalq mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirdi və qarşıya qoyduğu strateji hədəflərə doğru inamla irəlilədi.
Bu gün ölkəmizin regionda və beynəlxalq müstəvidə artan nüfuzu, güclü iqtisadi potensialı, müstəqil siyasəti və milli maraqlara əsaslanan inkişaf modeli Heydər Əliyev ideyalarının zamanın sınağından keçdiyini göstərir. Ən böyük tarixi nəticə isə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunmasıdır. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Ordumuzun qazandığı Zəfər Ulu Öndərin ən böyük arzularından birini gerçəkləşdirdi, Qarabağ və Şərqi Zəngəzurda yeni quruculuq və Böyük Qayıdış mərhələsinin əsasını qoydu.
Bu gün həmin ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri, müasir şəhər və kəndlərin salınması, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı dövlətçilik xəttinin davamlılığının və siyasi varisliyin real təzahürüdür.
Ona görə də 3 oktyabr 1993-cü il müasir Azərbaycanın siyasi və dövlətçilik tarixində yeni eranın başlanğıcını simvolizə edən mühüm tarixdir. Ulu Öndər Heydər Əliyevin siyasi irsi bu gün Azərbaycanın dövlət müstəqilliyinin əsas dayaqlarından biri kimi yaşayır və cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da zənginləşərək gələcək nəsillərə ötürülür”.
