BAKI, 5 oktyabr. TELEQRAF
Aktau limanında dibdərinləşdirmə üzrə əsas işlərə başlanılıb. İşlərin 2026-cı ilin sonunadək başa çatdırılması planlaşdırılır.
Teleqraf xəbər verir ki, layihə liman infrastrukturunun dayanıqlı fəaliyyətini təmin etmək və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə daşımaların səmərəliliyini artırmaq məqsədi daşıyır.
İşlər Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi ilə əlaqədar həyata keçirilir. Bu vəziyyət limanın akvatoriyasından istifadə imkanlarına və gəmiçiliyə təsir göstərir.
Qazaxıstanın Nəqliyyat Nazirliyinin məlumatına görə, layihə çərçivəsində təxminən 1,3 milyon kubmetr qruntun çıxarılması planlaşdırılır. Nəticədə akvatoriyanın dərinliyi 6-7 metrə çatdırılacaq.
“Dibdərinləşdirmə limanın ötürücülük qabiliyyətini artıracaq və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə daşımaların həcmini 30%-dək artırmağa imkan verəcək. Bundan əlavə, dəniz yolu ilə yükdaşıma xərclərinin təxminən 10-15% azalacağı gözlənilir,” – deyə nazirlikdən qeyd olunub.
Layihənin liman infrastrukturuna investisiyaların cəlb olunmasına və gəmiçiliyin təhlükəsizliyinin artırılmasına da töhfə verəcəyi bildirilir.
Məlumata görə, hazırda podratçı iş qrafikini hazırlayır və layihəni müəyyən edilmiş müddətə uyğun həyata keçirir. İşlərin əlaqələndirilməsi və yaranan məsələlərin operativ həlli üçün mütəmadi işçi görüşləri keçirilir.
Qeyd edək ki, "Qazaxıstan Dəmir Yolları"nın (Kazakhstan Temir Zholy) İdarə Heyəti sədrinin müavini Yerlan Koyşibayev Teleqraf-a müsahibəsində Aktau limanında dibdərinləşdirmə işlərinin Çin şirkəti tərəfindən aparıldığını bildirib.
Daha əvvəl Qazaxıstan limanda dibdərinləşdirmə işləri üçün təxminən 72 milyon dollar (40 milyard tenge) vəsait xərcləməyi planlaşdırdığını elan edib. Ölkə Aktau limanında dibdərinləşdirmə işlərinə ildə təxminən 400 milyon tenge xərcləyir.