QÜDS, 31 avqust. TELEQRAF
Azərbaycanlı jurnalistlər Qüdsün qədim şəhərində tarixi və dini məkanları ziyarət edib.
Teleqraf-ın Qüdsə ezam olunmuş əməkdaşı xəbər verir ki, Qədim şəhər üç əsas monoteist din - iudaizm, xristianlıq və islam üçün böyük dini və tarixi əhəmiyyət daşıyan məkanları ilə seçilir.
Səfər zamanı Ağlama Divarı, İsa Məsihin çarmıxa çəkildiyi və dəfn edildiyi müqəddəs məkanları əhatə edən Müqəddəs Qəbir Kilsəsi, həmçinin Əl-Əqsa məscidi ziyarət olunub.
Ağlama Divarı yəhudiliyin ən müqəddəs ibadət məkanlarından biridir. Divar qədim İkinci Məbədin kompleksindən günümüzə qədər gəlib çatan hissələrdən biri hesab olunur və dünyanın müxtəlif ölkələrindən olan yəhudilər burada dua edirlər.
Müqəddəs Qəbir Kilsəsi xristianlar üçün ən mühüm müqəddəs məkanlardan biridir. Xristian ənənəsinə görə, İsa Məsih burada çarmıxa çəkilib, dəfn olunub və dirilib.
Kilsənin daxilində İsa Məsihin çarmıxa çəkilməsi və dəfni ilə əlaqələndirilən müqəddəs məkanlar yerləşir.
Əl-Əqsa məscidi isə islamın ən müqəddəs məkanlarından biridir və Qüdsün Hərəmi-Şərif ərazisində yerləşir. Məscid müsəlmanlar üçün xüsusi dini əhəmiyyət daşıyır və islam ənənəsində Məhəmməd peyğəmbərin merac hadisəsi ilə əlaqələndirilir.