BAKI, 31 avqust. TELEQRAF
Azərbaycan və Çin yaxşı dost və yaxşı tərəfdaşdır. İki ölkənin prokurorluq orqanları arasında əməkdaşlıq hərtərəfli strateji tərəfdaşlığımızın mühüm hissəsidir.
Teleqraf xəbər verir ki, bu barədə Çinin Baş prokuroru Yinq Yonq Azərbaycan və Çin Baş prokurorluqları arasında Anlaşma Memorandumunun imzalanma mərasimində deyib.
O bildirib ki, Çin və Azərbaycan arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında müqavilə bir ay əvvəl qüvvəyə minib:
“Müqaviləyə əsasən, iki ölkənin prokurorluq orqanları sənədin icrası üzrə mərkəzi orqanlar kimi müəyyən edilib.
Bu, iki prokurorluq orqanı arasında həyata keçirilən praktiki əməkdaşlığın yekunlaşdırılması, eyni zamanda, tərəflər arasında gələcək əlaqələrin inkişafına dair baxışların müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir. Bu, əməkdaşlığımızın yeni mərhələyə qədəm qoyduğunu göstərir.
Yeni başlanğıc nöqtəsi kimi, Çinin Ali Xalq Prokurorluğu iki ölkə liderlərinin strateji rəhbərliyini əsas götürərək Azərbaycan Baş Prokurorluğu ilə birlikdə əməkdaşlığı müxtəlif səviyyələrdə gücləndirməyə, “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində yüksək keyfiyyətli əməkdaşlığa daha güclü hüquqi dəstək göstərməyə, dostluq münasibətlərini dərinləşdirməyə, iki ölkəyə və iki xalqın rifahına daha böyük töhfələr verməyə hazırdır”.