BAKI, 31 avqust. TELEQRAF
Xəzər dənizinin Qazaxıstanın Aktau şəhəri sahillərində qayıq qayaya çırpılıb. Nəticədə iki nəfər ölüb, daha beş nəfər xilas edilərək xəstəxanaya yerləşdirilib.
Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstanın Fövqəladə Hallar Xidmətinin mətbuat xidməti məlumat yayıb.
“Qayığın göyərtəsində yeddi nəfər olub. Hadisə nəticəsində beş zərərçəkən sahilə çıxarılaraq tibb işçilərinə təhvil verilib. Müxtəlif dərəcəli xəsarətlər alan şəxslər tibb müəssisələrinə yerləşdiriliblər. Axtarış-xilasetmə işləri zamanı iki kişinin cəsədi sudan aşkar edilərək çıxarılıb”, - açıqlamada bildirilib.
Qurumun məlumatına görə, hadisə avqustun 30-da baş verib.
Polis hadisə ilə bağlı dəniz və ya çay nəqliyyatının hərəkəti zamanı təhlükəsizlik qaydalarının pozulması maddəsi ilə cinayət işi açıb.
Hadisənin bütün halları araşdırılır.