BAKI, 31 avqust. TELEQRAF

Türkiyə İsrail və Suriya arasında münaqişənin qarşısının alınması üzrə aparılan danışıqları dəstəkləyir, amma Təl-Əvivin mövqeyinə görə prosesin uğurlu olacağına şübhə edir.

Teleqraf xəbər verir ki, bu barədə “Al-Monitor” Türkiyə rəsmilərinə istinadla məlumat yayıb.

Türkiyə rəsmisi bildirib ki, Ankara İsrail Baş naziri Benyamin Netanyahu tərəfindən Suriya Prezidenti Əhməd Şaraada gördüyü xoşməramlılığın eynisini görmür. Bununla belə, Türkiyə rəhbərliyi hesab edir ki, hazırda ABŞ-nin vasitəçiliyi ilə aparılan danışıqların məqsədi yalnız Suriya ilə İsrail arasındakı gərginliyi azaltmaqdır. Ankara bu danışıqların tərəflər arasında dərin fikir ayrılıqlarını aradan qaldıra biləcəyinə inanmır.

SANA avqustun 24-də ABŞ-nin vasitəçiliyi ilə İordaniyada Suriya və İsrail nümayəndə heyətləri arasında yüksək səviyyəli danışıqların keçirildiyi barədə məlumat yayıb. “Ynet” bundan sonra İsrailin xarici kəşfiyyat xidməti MOSSAD-ın Roman Qofmanın Suriya xarici işlər naziri Əsəd Şibani ilə görüşdüyünü yazıb.

Avqustun 18-də isə İsrail Hərbi Hava Qüvvələri Suriyanın İdlib əyalətində yerləşən Əbu-Dühur aerodromuna zərbə endirib. Hücum maddi ziyana səbəb olub. Ardınca Netanyahunun administrasiyası Dəməşqin Hələb yaxınlığındakı aviabazada Türkiyə qoşunlarının yerləşdirilməsinə icazə verdiyini iddia edib.

ABŞ prezidentinin xüsusi nümayəndəsi Tomas Barrak hadisəni şərh edərkən İsraillə Suriya və Türkiyə arasında münaqişələrin qarşısının alınması mexanizminin yaradılması üzərində işlədiklərini açıqlayıb.