BAKI, 23 avqust. TELEQRAF
Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibəsində Azərbaycan–Özbəkistan münasibətlərinin mövcud səviyyəsini təsvir etməklə yanaşı, bu münasibətlərin hansı geosiyasi məntiq üzrə inkişaf etdiyini nümayiş etdirir. Bütün bunlar Bakı ilə Daşkənd arasındakı əlaqələrin artıq ənənəvi ikitərəfli diplomatiya çərçivəsindən çıxaraq Cənubi Qafqaz və Mərkəzi Asiyanı birləşdirən daha geniş regional əməkdaşlıq modelinin tərkib hissəsinə çevrildiyinin bariz nümunəsidir.
Bunu Teleqraf-a Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.
Professor bildirib ki, son illərdə qarşılıqlı yüksək səviyyəli səfərlərin intensivləşməsi, Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamənin və Müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalanması, Ali Dövlətlərarası Şuranın yaradılması münasibətləri institusional müstəviyə keçirib:
“Azərbaycanla Özbəkistan arasında formalaşmış siyasi etimad artıq uzunmüddətli əməkdaşlıq mexanizmləri ilə təmin olunur. Prezident İlham Əliyevin müsahibəsində Öbəkistan Prezidenti Şavkat Mirziyoyevlə münasibətlərə xüsusi yer ayırması təsadüfi deyil. Liderlər arasında qarşılıqlı etimad Azərbaycan–Özbəkistan yaxınlaşmasının sürətlənməsində mühüm rol oynayır. Sözsüz ki, Bakı ilə Daşkəndin maraqları bir sıra mühüm istiqamətlərdə üst-üstə düşür. Hər iki ölkə suverenliyə, siyasi müstəqilliyə və milli maraqlara xüsusi həssaslıq göstərir, dövlətlər həmçinin regional nəqliyyat imkanlarının genişləndirilməsində, iqtisadi əlaqələrin şaxələndirilməsində və Türk dünyası daxilində inteqrasiyanın gücləndirilməsində maraqlıdır. Bu baxımdan siyasi yaxınlaşma daha dərin geosiyasi və geoiqtisadi əsaslara söykənir.
Azərbaycan–Özbəkistan arasında ticarət dövriyyəsinin qısa müddətdə əhəmiyyətli dərəcədə artması ümumi mənzərənin yalnız bir hissəsidir. Daha mühüm məsələ investisiya və istehsal əməkdaşlığının genişlənməsidir. 500 milyon dollarlıq kapitalla yaradılan Azərbaycan–Özbəkistan İnvestisiya Şirkəti bu baxımdan sadəcə maliyyə institutu deyil, iki iqtisadiyyatın bir-birinə daha sıx bağlanması üçün mexanizmdir.
Avtomobil istehsalı, neft-kimya, kənd təsərrüfatı, turizm və digər sahələrdə birgə layihələrin meydana çıxması əməkdaşlığın xarakterinin dəyişdiyini göstərir. Gələcəkdə isə əməkdaşlığın ayrı-ayrı layihələrdən regional istehsal və logistika zəncirlərinə çevrilməsi labüddür. Bu xüsusda Orta Dəhliz Bakı–Daşkənd münasibətlərinə yeni geosiyasi əhəmiyyətə malikdir.
Azərbaycanın Cənubi Qafqazda, Özbəkistanın isə Mərkəzi Asiyada yerləşməsi iki ölkəni təbii tranzit tərəfdaşlarına çevirir. Bu mənada Orta Dəhliz sadəcə nəqliyyat marşrutu deyil. O, Bakı ilə Daşkənd arasında strateji əlaqənin iqtisadi dayaqlarından biridir”.
Deputat bildirib ki, ölkəmizin başçısının müsahibəsində vurğulandığı kimi Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşlərində tamhüquqlu iştirakı mühüm önəmə malikdir:
“Azərbaycan artıq Mərkəzi Asiya ilə münasibətlərini yalnız ikitərəfli əlaqələr və Türk Dövlətləri Təşkilatı çərçivəsi ilə məhdudlaşdırmır. Bakı regionun çoxtərəfli siyasi dialoqunun birbaşa iştirakçısına çevrilir.
“C5” formatının faktiki olaraq “C6”ya çevrilməsi Azərbaycan üçün yeni regional status yaradır. Burada Özbəkistanın rolu xüsusilə əhəmiyyətlidir. Azərbaycanın bu prosesə inteqrasiyası Daşkəndin ev sahibliyi etdiyi platformada baş verib. Bu da Azərbaycan–Özbəkistan münasibətlərinin artıq ikitərəfli çərçivədən kənarda da siyasi nəticələr doğurduğunu göstərir.
Azərbaycan və Özbəkistan arasında enerji əməkdaşlığı, yaşıl enerji sahəsində Azərbaycan, Özbəkistan və Qazaxıstan arasında yaradılan əməkdaşlıq mexanizmi daha uzunmüddətli perspektivə işarə edir”.
Eldar Quliyev vurğulayıb ki, Azərbaycan-Özbəkistan münasibətləri Türk Dövlətləri Təşkilatı çərçivəsində yüksək səviyyədə qurulub:
“İki ölkənin bu təşkilatda fəallığı türk dövlətləri arasında siyasi və iqtisadi inteqrasiyanın dərinləşməsinə təsir edən əsas amillərdən biridir. Bu baxımdan Azərbaycan–Özbəkistan əməkdaşlığı xüsusi əhəmiyyət daşıyır. Bakı Qərbə açılan qapılardan biridirsə, Daşkənd Mərkəzi Asiyanın mühüm iqtisadi mərkəzidir. Bu iki nöqtənin daha sıx bağlanması Türk Dövlətləri Təşkilatının siyasi və mədəni birlikdən iqtisadi inteqrasiya platformasına çevrilməsinə də töhfə verə bilər.
Təbii ki, münasibətlərin yalnız dövlətlərarası səviyyədə inkişaf etməməsi də mühüm amildir. Mədəniyyət günləri, təhsil proqramları, qardaşlaşmış şəhərlər, media və QHT forumları iki cəmiyyət arasındakı əlaqələri genişləndirir. Füzulidə Mirzə Uluqbəy adına məktəbin fəaliyyət göstərməsi və Özbəkistanın işğaldan azad edilmiş ərazilərin bərpasında iştirakı bu əməkdaşlığın siyasi simvollarından birinə çevrilib.
Eyni zamanda Bakı ilə Daşkənd arasında deyil, müxtəlif şəhərlər arasında da tərəfdaşlıq əlaqələrinin qurulması münasibətləri dövlət səviyyəsindən cəmiyyətlər səviyyəsinə keçirir.
Bütün bunlar onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin müsahibəsi Azərbaycan–Özbəkistan münasibətlərinin bugünkü vəziyyətini qiymətləndirməklə yanaşı iki ölkənin gələcək əməkdaşlıq fəlsəfəsini ortaya qoyur”.