BAKI, 16 iyun. TELEQRAF
ReAl Partiyasının sədri Natiq Cəfərli Teleqraf-ın suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Natiq bəy, ABŞ Prezidenti Donald Trampın ad günündə əldə edilən qərar az qala tarixi nailiyyət kimi də dəyərləndirilir. Bu mənada ABŞ-İran arasındakı razılaşma bütövlükdə problemlərin həlli kimi başa düşülə bilərmi?
- Faktiki olaraq ABŞ və İsrailin bu məsələyə yanaşması kökündən fərqlənir. Bu da təbiidir. Çünki hədəflər fərqlidir. İranda rejimin tamamilə sıradan çıxarılması ABŞ üçün bir nömrəli prioritet deyildi. Sözsüz ki, bu mümkün olsaydı, onlar üçün məqbul olardı. Əgər, mümkün olmursa, bu onlar üçün problem deyil. Hətta bəzi hallarda ABŞ-nin işinə də yarayır. İran kimi bir təhlükənin olması körfəz ölkələri üçün edilən basqını saxlamağa və artırmağa imkan verən faktora çevrilir. İranın təbii resursları da nəzərə alınsa, ABŞ-nin buna çıxış imkanlarının olması da başlıca faktordur. Körfəz ölkələrinin də bu anlamda əhəmiyyəti əvvəlki onilliklərə nisbətən xeyli dəyişib. Yəni ABŞ-nin özünün hazırda Venesuela nefti ilə birgə istehsal etdiyi məhsul var. 70-ci illərdə körfəz ölkələrində yaşanan böhran zamanı bu, ABŞ üçün çox böyük təhlükələr yaratmışdı. Çünki o zaman Amerika neftdən asılı bir ölkə idi. Neftin qiymətinin bahalaşması, İsrailin ərəb ölkələri ilə qarşıdurması fonunda ABŞ-yə embarqonun qoyulması ona çox böyük ziyan vurmuşdu. Bu, ABŞ prezidentləri üçün başağrısına çevrilmişdi. Beləliklə, Birləşmiş Ştatların doktrinasının dəyişməsinə səbəb oldu. Hazırki mərhələdə isə körfəz ölkələri neft kontekstində ABŞ üçün elə də əhəmiyyətli deyil. Bura Vaşinqtona investisiyalar üçün əhəmiyyətlidir.

- İran faktoru bu xüsusda nə dərəcədə təsirli rola malikdir?
- Tehranın mövcudluğu, ərəb ölkələrinə hələ də təhlükə yaratması onların Amerika ilə daha rahat anlaşması üçün başlıca zəmin hesab olunur.
- ABŞ ilə İsrail arasında bu məsələdə əsas fikir ayrılığı nədən ibarətdir?
- ABŞ ilə İran arasındakı son razılaşmada da İsrailin narazılığı özünü açıq şəkildə göstərir. Ona görə də, Ağ Evlə rəsmi Tehranın razılaşması davamlı və qalıcı olacaqsa, burada bilinməyən, gizli protokollar varsa, bunun fonunda fərqli bir mənzərə ortaya çıxa bilər.
- Razılaşmada əsas diqqətçəkən məqam nə ilə bağlıdır?
- Bu razılaşmada əksini tapan 300 milyardlıq investisiya məsələsi daha çox diqqəti cəlb edir. Sözsüz ki, bu, İranın ABŞ şirkətlərinə investisiyalar üçün açılması deməkdir. Bundan sonra İranda rejimin təbii olaraq yumşalması hədəf kimi qoyulub. Öz növbəsində bu da ABŞ-İran razılaşmasının qalıcı olmaq ehtimalını artırır.
- İsrailin narazılığı fonunda bu razılaşmanı pozmaq ehtimalı varmı?
- Təl-Əvivin narazılığı fonunda belə bir cəhdin olması mümkündür. Amma bu, artıq ABŞ-ni qarşısına almaq anlamına gələcək. Çünki ABŞ Prezidenti Donald Tramp yaxın üç ildə öz postunda qalacaq. Ona görə də bu üç illik müddətdə İsrailin Amerikanı qarşısına almaq ehtimalı da ciddi suallar yaradır.
- Razılaşmanın qalıcı olması bölgə üçün nə vəd edir?
- Bunun əhəmiyyəti illər sonra hiss ediləcək. Yəni, bu tipli anlaşmalarda ictimaiyyətə açıqlanmayan və hər tərəfin üzünü qorumağa xidmət edən müddəaları olur. ABŞ və İranın özünü ayrı-ayırlıqda qalib elan etməsi məsələsi bu gün daha çox diqqəti cəlb edir. Çünki müharibənin nəticəsində hər kəsin qalib gələ bilməz.
- Tehranın bu məsələdə qoruyub saxlamağa çalışdığı əsas amil nədən ibarət oldu?
- İranda rejimin ayaqda qalması, hakimiyyətin faktiki olaraq sadəcə əldən-ələ keçməsi Tehranın özünü qalib elan etməyə yetərli amil kimi qəbul oluna bilər. Çünki İran tərəfi, adətən təbliğatı belə qoyur. Öz növbəsində ABŞ də öz istəyinə nail oldu.
- Ağ Evin burada əsas istəyi nə idi?
- Amerika körfəz ölkələrini asılılıqda saxlamaqla yanaşı İranı açılışa vadar etdi. İranda açılış olduqca, investisiyalar gəldikcə, onun daxili strukturu da dəyişəcək.