BAKI, 21 yanvar. TELEQRAF
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan və Ermənistan arasında paraflanmış sülh sazişinin artıq praktiki nəticələr verdiyini bildirib.
Teleqraf xəbər verir ki, dövlət başçısı bu barədə yanvarın 20-də Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda panel iclasından çıxışında bildirib.
Prezident qeyd edib ki, ötən ilin avqustunda hər iki tərəfin sülh sazişini paraflaması üç onillikdən artıq davam edən münaqişəyə və qan tökülməsinə son qoyulması baxımından tarixi nailiyyət olub:
"Ötən ilin avqustunda hər iki tərəf sülh sazişini paraflamaqla və beləliklə, üç onillikdən artıq çəkən müharibə və qan tökməyə son qoymaqla tarixi nailiyyət əldə olundu. Həmin sülh sazişinin nadirliyi ondan ibarətdir ki, o, son qanlı toqquşmadan sonra iki ildən az müddətdə paraflandı. Beləliklə, bu göstərir ki, əgər hər iki tərəfin güclü siyasi iradəsi, sülhə sadiqliyi olarsa, onda siz kifayət qədər qısa müddət ərzində barışıq əldə edə bilərsiniz. Paraflanmış sənəd bu gün praktiki nəticələrə çevrilir. Biz sülh şəraitində nəinki cəmi 5-6 aydır yaşayırıq və bu vəziyyətdən yararlanırıq, o cümlədən nə Ermənistan, nə Azərbaycan müstəqil ölkələr kimi heç zaman sülhdə yaşamayıblar. 1991-ci ildə müstəqil ölkəyə çevrildiyimiz zaman biz artıq hərbi toqquşmada idik. Lakin bu gün sülhün faydası əməkdaşlığın başlanmasında əks olunur. Olduqca mühüm neft məhsullarının birinci hissəsi Azərbaycandan Ermənistana göndərildi və bu, qiymətlərin aşağı düşməsinə imkan yaratdı.
Beləliklə, iki və ya üç il əvvəl belə addımı tamamilə təsəvvür etmək olmazdı. Lakin bu gün o, artıq reallıqdır. Düşünürəm ki, heç nə bu prosesə müdaxilə edə bilməz. Fikrimcə, əlavə görəcəyimiz işlər ondan ibarətdir ki, hər iki tərəf sülhdə yaşamağın nəticələrini göstərməlidir ki, biz də bu proses çərçivəsində cəmiyyətlərimizin tam dəstəyinin şahidi ola bilək. Lakin mən çox nikbin baxıram, çünki əldə olunan nəticə, həqiqətən, Ermənistanın, Azərbaycanın və Cənubi Qafqazın xeyrinədir. O, vaxtilə çox dərin ədavəti olmuş ölkələrin əməkdaşlıq mərhələsinə gəlib çıxmasının nümunəsini özündə əks etdirir".