BAKI, 19 noyabr. TELEQRAF

“Səhiyyə sahəsində son 5 ildə xərclər təxminən 400% artmışdır. Lakin bu rəqəmlər artımın bütün alt sahələrdə eyni sürətlə əks olunmadığını göstərir. Ümumi artım fonunda onkoloji xəstələrin dərman təminatı və şəkərli diabet xəstələrinin ehtiyacları hələ də lazımi səviyyədə deyil. Xərclərin artımı ilə nəticələrin artımı paralel şəkildə getməlidir”.

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin deputatı Rəşad Mahmudov parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib

O bildirib ki, səhiyyə xərclərində ümumi artıma baxmayaraq, onkoloji xəstələr üçün dərman təminatı hələ də lazımi səviyyədə deyil:

“Dünyada artıq onkoloji xəstəlik ümid­siz diaqnoz kimi qəbul edilmir. Müasir target terapiyalar, immunoterapiyalar və yeni nəsil dərmanlar nəticəsində xəstələrin böyük əksəriyyəti 10 ildən daha uzun və yüksək həyat keyfiyyəti ilə yaşayırlar. Bu, dövlətin insan həyatını qorumaq istiqamətində atacağı hər bir addımın nə qədər əhəmiyyətli olduğunu göstərir.

Bu səbəbdən, dövlətin Onkoloji Proqramı çərçivəsində nəzərdə tutulmuş maliyyə dəstəyi mütləq şəkildə artırılmalıdır. Mövcud rəqəmlər dünyadakı real müalicə qiymətləri və xəstələrin sayı nəzərə alındıqda kifayət etmir. Ən azı 3–4 dəfə artım həyati zərurətdir”.