BAKI, 7 oktyabr. TELEQRAF

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) Sosial və Humanitar Siyasət Komitəsinin 65-ci iclasında tövsiyə qərar layihəsi müzakirə olunub.

Teleqraf xəbər verir ki, qərar layihəsini QDİƏT PA-nın Sosial və Humanitar siyasət komitəsinin sədri, Milli Məclisin deputatı Musa Quliyev təqdim edib.

Müzakirələrdən sonra tövsiyə qərarı qəbul olunub.

Sonra Qara dəniz ölkələrinin qurumdakı fəaliyyəti haqqında məlumatlar verilib.

İclasın əvvəlində gündəlik təsdiqlənib. Daha sonra 2025-ci il mayın 14-15-də Türkiyənin Sinop şəhərində keçirilmiş 64-cü Komitə iclasının, eləcə də iyunun 17-də Bakıda təşkil olunmuş əlavə iclasın protokol layihələri təqdim edilərək qəbul olunub.

Günün əsas müzakirə mövzusu “QDİƏT regionunda davamlı sosial-iqtisadi inkişaf üçün süni intellekt – sosial aspektlər” olub.

Mövzu üzrə hesabat layihəsini Azərbaycan nümayəndə heyətinin üzvü Səbinə Salmanova təqdim edib. Məruzəçi hesabatda süni intellekt texnologiyalarının sosial rifahın yüksəldilməsində, təhsil və məşğulluq imkanlarının genişləndirilməsində, eləcə də dayanıqlı inkişaf hədəflərinə çatmaqda oynadığı rolu vurğulayıb. Qeyd edib ki, müasir dövrdə süni intellekt insan həyatının ayrılmaz hissəsinə çevrilib. O, cəmiyyətin demək olar ki, bütün sahələrinə - təhsildən səhiyyəyə, iqtisadiyyatdan kənd təsərrüfatına qədər təsir göstərir. Bununla yanaşı, süni intellektin imkanlarından ucqar kəndlərdə yaşayan insanların da faydalana bilməsi vacibdir.

Komitə üzvləri hesabat ətrafında geniş fikir mübadiləsi aparıblar.

Qeyd edilib ki, süni intellektdən düzgün və səmərəli istifadə olduqca vacibdir. Müzakirələr zamanı iştirakçılar süni intellekt texnologiyalarının müxtəlif sahələrdə tətbiqi, onun cəmiyyətə və iqtisadiyyata təsirləri, həmçinin etik və hüquqi aspektləri barədə fikirlərini bölüşüblər. Bundan əlavə, ucqar bölgələrdə yaşayan insanlar üçün süni intellekt imkanlarının əlçatanlığının artırılması yolları və texnologiyanın sürətli inkişafı ilə əlaqədar potensial riskləri, etik və hüquqi məsələləri, həmçinin insan həyatına və iş bazarına təsirləri müzakirə edilib.

Müzakirələrin yekununda hesabat qəbul edilib və Milli Məclisin deputatı Səbinə Salmanova 66-cı Baş Assambleyada məruzəçi təyin olunub.

****

10:50

"Süni intellekt həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. Bu dünyada ayrı bir sahə kimi qəbul edilir. Burada bir çox elmlərin sintezi nəticəsində ortaya bir istiqamət çıxıb. Süni intellekt həyatımıza rahatlıqla yanaşı, bir sıra problemlər də gətirə bilər. Bu baxımdan parlamentlərin rolu əhəmiyyətlidir".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Sosial və Humanitar Siyasət Komitəsinin 65-ci iclasında QDİƏT PA-nın baş katibi Asəf Hacıyev deyib.

O qeyd edib ki, parlamentdə qəbul olunan qərarlar süni intellektlə bağlı mənfi proseslərin qarşısını ala bilər: “Ona görə də qərar qəbul etdik ki, təşkilatımızın hər üç komitəsində süni intellekt mövzusu müzakirə olunsun. Burada bu gün müxtəlif fikirləri dinləyəcəyik və sonda qərarlar qəbul edəcəyik”.

*****

10:48

"QDİƏT region ölkələri arasında əlaqələrin inkişafına və sıx əməkdaşlıq münasibətlərinin qurulmasına töhfə verir".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Sosial və Humanitar Siyasət Komitəsinin 65-ci iclasında parlamentin sədr müavini Ziyafət Əsgərov deyib.

O qeyd edib ki, təşkilat müxtəlif məsələlər ətrafinda fikir mübadiləsi aparılması baxımından xüsusi əhəmiyyət kəsb edir: “Azərbaycan torpaqlarını işğaldan azad edən ölkə kimi sosial siyasət sahəsində zəngin təcrübəyə malikdir və bir çox ölkələr bu təcrübədən faydalan bilər".

Vitse-spiker bildirib ki, iclasda müzakirə olunacaq süni intellekt məsələsi sosial həyatımızda xüsusi rol oynamaqdadır: “Bu baxımdan süni intellektdən sosial xidmətlərin təkmilləşdirilməsi, effektiv sosial təminatın formalaşdırılmasında faydalanmaq lazımdır”.

Ziyafət Əsgərov əlavə edib ki, ölkəmizdə orta aylıq əməkhaqqı 2 dəfə, minimum pensiya 3 dəfə, orta aylıq pensiya 2,6 dəfə artıb, müavinət və təqaüdlərə ayrılan illik büdcə vəsaiti isə 5 dəfədən çox yüksəlib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edib.

O vurğulayıb ki, Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq, təkbaşına öz torpaqlarını Ermənistanın 30 illik işğalından azad edərək tarixi ədaləti bərpa edib.

Vitse-spiker qeyd edib ki, hazırda işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda bərpa quruculuq işləri, o cümlədən regional əməkdaşlığa xidmət edən infrastruktur layihələri, xüsusən də nəqliyyat layihələri həyata keçirilməkdədir: “Zəngəzur dəhlizi istiqamətdə mühüm işlər görülməkdədir”.

****

10:40

"Milli Məclisdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Sosial və Humanitar Siyasət Komitəsinin 65-ci iclası təşkilata üzv ölkələr davamlı inkişafı baxımdan mühüm əhəmiyyət kəsb edən süni intellekt mövzusuna həsr edilib. Bu süni intellekt bir trend kimi bu gün dünya iqtisadiyyatının hərəkətverici qüvvəsidir".

Teleqraf xəbər verir ki, Milli Məclisdə QDİƏT PA Sosial və Humanitar Siyasət Komitəsinin sədri Musa Quliyev açılış nitqi zamanı deyib.

O qeyd edib ki, Prezidenti İlham Əliyevin 2028-ci ilədək Azərbaycanda süni intellektin inkişafı ilə bağlı sərəncam imzalayıb və buna uyğun işlər gedir. Digər ölkələrdə də süni intellektin inkişafı ilə bağlı buna uyğun sərəncamlar və qərarlar qəbul edilib”.

Musa Quliyev bildirib ki, Bakıdan keçirilən bu iclas ölkələrarası əlaqələrin inkişafına öz töhfəsini verir.

*****

09:57

Milli Məclisdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının iclası keçirilir.

Teleqraf xəbər verir ki, bu, QDİƏT-in Sosial və Humanitar Siyasət Komitəsinin 65-ci iclasıdır.