"Görüşümüz artan qlobal qeyri-müəyyənlik dövründə baş tutur. Yüksələn geosiyasi gərginlik və genişlənən münaqişələr, beynəlxalq sülh və təhlükəsizliyin həssaslığını, o cümlədən onilliklər ərzində əldə olunmuş inkişaf nailiyyətlərinin kövrəkliyini üzə çıxarır. Bu xüsusda, Azərbaycan, dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərinə özünün sarsılmaz sadiqliyini bir daha vurğulayır".

Teleqraf xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının səksən ikinci sessiyasının iştirakçılarına ünvanladığı müraciətdə yer alıb.

Dövlət başçısı qeyd edib ki, 2021-ci ildə bu mötəbər qurumda ilk dəfə çıxış etdikdən sonra, Cənubi Qafqazda dərin transformasiya baş verib: "Azərbaycan özünün suverenliyini və ərazi bütövlüyünü tam şəkildə bərpa edib, Ermənistanla sülh gündəliyinə başlayıb. Ötən ilin avqustunda Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın ev sahibliyi ilə keçirilmiş Vaşinqton Zirvə görüşündə Azərbaycan ilə Ermənistan arasında normallaşmada tarixi irəliləyiş əldə olunub.

Bu gün biz sülhün bəhrəsinin şahidiyik. Azərbaycan ilə Ermənistan arasında ticarət münasibətləri başlayıb və hazırda Azərbaycan Ermənistan üçün tranzit çıxışına şərait yaradır. Vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərləri etimadın qurulmasına töhfə verir.

Eyni zamanda, Azərbaycan işğal zamanı tam dağıdılmış və azad edilmiş ərazilərdə unikal və genişmiqyaslı yenidənqurma layihələrini həyata keçirir. Böyük Qayıdış Proqramı uğurla icra olunur. 80000-dən artıq insan, öz həyatını yenidən qurmaq, doğma yurdlarına qovuşmaq, təhsil almaq və işləmək məqsədilə Qarabağ və Şərqi Zəngəzur bölgələrinə qayıdıblar. Bununla belə, minalar humanitar və inkişaf sahələrində ciddi təhdid olaraq qalır. Asiya və Sakit okean üzrə Komissiyanın əhatə dairəsində olan bir sıra ölkələrdə də mövcud olan mina problemi bu sahədə geniş beynəlxalq əməkdaşlığı zəruri edir. 2020-ci ildə münaqişə başa çatdıqdan sonra, 400-dən artıq azərbaycanlı mülki şəxs mina partlayışları nəticəsində həyatını itirib və ya yaralanıblar".