BAKI, 21 aprel. TELEQRAF
“Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2015-ci il 25 fevral tarixli 50 nömrəli Qərarında və çağrı mərkəzi mövcud olmayan dövlət orqanlarında (qurumlarında) çağrı xidmətlərinin təşkili ilə bağlı Nazirlər Kabinetinin qərarlarında dəyişiklik edilib.
Teleqraf xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Dəyişikliyə əsasən, dövlət orqanı (qurumu) anlayışı yeni redaksiyada verilib. Belə ki, dövlət orqanı (qurumu) mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər hesab ediləcək.
Çağrı Mərkəzi canlı rejimdə müraciətlərin cavablandırılmasını çoxkanallı avadanlıqlardan istifadə edilməklə dövlət orqanları (qurumları) və onların tabeliyindəki orqan (qurum) üzrə vahid nömrə ilə, vahid xidmət zalında (təmsilçi yerlərinin sayı 20 nəfərdən çox olduğu hallar istisna olmaqla), fövqəladə hallarda istifadə olunan xidmətlər (və ya qanunvericilikdə nəzərdə tutulan hallar) üzrə fasiləsiz (24/7), digər xidmətlər üzrə iş günləri saat 09:00-dan 18:00-dək fasiləsiz olaraq həyata keçirir. Təmsilçi yerləri, müraciətlərin konfidensiallığı və sayı, məlumatların məxfiliyi, habelə əlilliyi olan əməkdaşlar nəzərə alınaraq daxil olan zənglərin uzaqdan cavablandırılması həyata keçirilə bilər. Zənglərin uzaqdan cavablandırılması bu Qaydaların tələbləri nəzərə alınmaqla və müvafiq texniki avadanlıqlar təmin edilməklə həyata keçirilir. Dövlət orqanları (qurumları) öz fəaliyyət xüsusiyyətlərindən asılı olaraq daha artıq iş vaxtı müəyyən edilməsi məsələsini nəzərdən keçirirlər. Təmsilçilərin həftəlik canlı rejimdə xidmət vaxtı 36 saatdan çox olmamalıdır.
Çağrı Mərkəzinə ölkə ərazisində sabit telefon (məftilli) telekommunikasiya şəbəkələrindən zənglərin ödənişsiz qaydada edilməsi təmin edilir.
Uzaqdan cavablandırma zamanı təmsilçi kompüter, zəruri proqram təminatı, qanunvericilik bazası, müraciət edənlər barədə asan və tez məlumat almaq imkanı olan məlumat bazası, səsboğucu funksiyaları olan qulaqlıq və mikrofon, hüquqi aktlar, metodiki göstərişlər, məlumat kitabçaları və digər zəruri vasitələrlə təmin edilməlidir.