BAKI, 25 sentyabr. TELEQRAF

"Prezident İlham Əliyevin BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 80-ci iclasında iştirakı Azərbaycanın beynəlxalq arenadakı yerini, dünya diplomatiyasında getdikcə artan rolunu və onun əhəmiyyətini nümayiş etdirən bir hadisədir. Hazırkı dünya nizamında BMT kimi qlobal tribunada çıxış etmək və orada ikitərəfli görüşlər keçirmək ilk növbədə Azərbaycanın səsini dünyaya çatdırmaq, beynəlxalq proseslər haqda mövqeyini ifadə etmək və gələcək istiqamətləri müəyyənləşdirmək üçün əvəzsiz imkandır".

Bu sözləri Teleqraf-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Prezident İlham Əliyevin ABŞ-də keçirdiyi vacib görüşlərin əhəmiyyətini şərh edərkən deyib.

Onun fikrincə, burada diqqəti çəkən məsələlərdən biri əlbəttə ki, hamının marağında olmalı olduğu sülh gündəliyidir: “Prezident İlham Əliyevin beynəlxalq liderlərlə görüşlərində əsas vurğulanan məsələlərdən biri Ermənistanla münasibətləri tam şəkildə normallaşdırmaq, uzun illərin konfliktinə son qoymaq və Cənubi Qafqazda davamlı sülh yaratmaqdır. Bu mesaj dünya dövlətlərinə göstərir ki, Azərbaycan bütün platformalarda nəinki öz sərhədlərinin, eləcə də bütövlükdə regionun sabitliyinin təminatçısı olmaq niyyətini və bu sahədəki nümunəvi fəaliyyətini ortaya qoyur.

Digər bir istiqamət kimi enerji və iqtisadi əməkdaşlıq sahəsindəki müzakirələr diqqəti çəkir. Hazırkı qlobal enerji böhranı fonunda Azərbaycanın bu sahədə Avropa və digər regionlar üçün etibarlı tərəfdaş kimi tanıdılması İlham Əliyevin beynəlxalq şirkət rəhbərləri ilə görüşlərində ön plana çıxır. Danışıqların gedişi və məzmunu göstərir ki, Azərbaycan artıq təkcə xammal ixrac edən ölkə kimi deyil, qlobal enerji təhlükəsizliyinin əsas oyunçularından biri kimi daha çox əhəmiyyət kəsb edir”.

Komitə sədri bildirib ki, çoxistiqamətli diplomatiyaya gəldikdə isə ABŞ-dən Afrikaya, Avropadan Asiyaya qədər müxtəlif ölkələrin liderləri və nüfuzlu təşkilatların rəhbərləri ilə keçirilən görüşlər Azərbaycanın rəsmi siyasətindəki “balans və çoxqütblülük” prinsiplərinin uğurlu sintezini bir daha ortaya qoyur: “Bu, Azərbaycanın heç bir güc mərkəzinə tam bağlı olmadan, bütün tərəflərlə danışa bilən, körpü rolunu oynamağa daha çox imkanı olan bir dövlət kimi daha geniş arenada tanınmasını təmin edir.

Əslində, bu fəaliyyətlərin hamısı Azərbaycanın beynəlxalq nüfuzunu yüksəltməklə yanaşı, onun sözünün çəkisini artırır. Elə bu bir neçə günlük prosesləri izləyənlər aydın şəkildə özləri üçün bir daha təsdiq etdilər ki, artıq Azərbaycan daha çox dinlənilən və mövqeləri açıq tribunalarda təqdir edilən bir ölkədir.

Milli maraqlarımızın ifadəsi baxımından yanaşsaq, İlham Əliyevin BMT-də fəaliyyəti Azərbaycanın iç siyasəti, iqtisadiyyatı və xalqının gündəlik həyatı üçün də mühüm nəticələri ilə yadda qalan olacaq.

Beynəlxalq maliyyə qurumları və iri investisiya şirkətləri ilə görüşlər Azərbaycanın iqtisadi cəlbediciliyini artırmaqla yanaşı, həm ölkəmizə yeni sərmayələrin gəlməsi, həm də iş yerlərinin açılması deməkdir. Ən əsası isə xalqın rifahının yüksəlməsinə geniş imkanlar açır”.

Bahar Muradova vurğulayıb ki, sülh və təhlükəsizliyin təmin edilməsinin iqtisadi və sosial əsaslarının möhkəmləndirilməsi üçün vacib əhəmiyyət daşıyan bu yeni imkan pəncərələri Ermənistanla davam edən danışıqlar prosesinin istənilən nəticələri verməsi üçün də böyük rola malikdir: “Azərbaycan vətəndaşları üçün çox vacib olan sülh mühiti yaxınlaşdıqca, bölgədə gərginliyin azalması, insanların öz yurdlarına rahat qayıtması və normal həyatın qurulması daha tez mümkün olacaq. Bu, öz ərazi bütövlüyü, suverenliyi və iqtisadi -sosial inkişafının təmin olunmasına yönələn, bölgə ölkələri və xalqları üçün də sülh, əməkdaşlıq və rifah vəd edən bu siyasətin müəllifi kimi İlham Əliyevin və Azərbaycanın əldə etdiyi uğurlu nəticələrin dünya üçün əsl örnək olduğunu diqqətə çatdırır.

Şübhəsiz əldə edilən və gözlənilənlər sadəcə diplomatik qələbə deyil — xalqın ürəyindəki ən böyük arzulardan birinin tam gerçəkləşməsi deməkdir.

İlham Əliyevin beynəlxalq tribunada ölkəni özünə inam və xalqına güvənlə təmsil etməsi Azərbaycan xalqının öz liderinə və dövlətinə olan inamını gücləndirir. Dünyanın ən böyük zalında Azərbaycan bayrağının dalğalanması, Prezidentin isə bütün dünyaya ölkənin mövqeyini açıq şəkildə bəyan etməsi, ən əsası güclü bir Dövlətin və qalib bir Xalqın Qətiyyətli və Müzəffər bir Prezidenti kimi dünyaya xitab etməsi hər bir soydaşımız və vətəndaşımız üçün fərəh və qürur hissləri doğurur.

Beynəlxalq müstəvidə Azərbaycanın etibarlı tərəfdaş, regional lider və qlobal oyunçu kimi mövqeyini möhkəmləndirir”.