BAKI, 22 may. TELEQRAF

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə Milli Təhlükəsizlik Şurasının toplantısı keçirilib.

Teleqraf xəbər verir ki, 2 saatdan çox davam edən toplantının yekunlarına dair bəyanatda Ermənistan və Azərbaycan arasında sülh prosesinə də toxunulub.

Bəyanatda Azərbaycan və Ermənistanın sülh sazişi layihəsi üzrə razılığa gəlməsindən məmnunluq ifadə edilib. "Bölgəmizdə bütün aktorların mənafeyinə uyğun nəticələr verəcək yekun sülhün bərqərar olması üçün lazımi şəraitin təmin ediləcəyinə dair gözləntilərimiz bir daha təsdiqləndi".

İclasın yekun bəyanatında Rusiya-Ukrayna müharibəsi ilə bağlı məsələ də öz əksini tapıb.

"Rusiya-Ukrayna müharibəsinin başa çatması üçün mühüm mərhələ başlayıb. Türkiyə daimi və ədalətli sülhə nail olmaq üçün soyuqqanlı davranır. Sülh diplomatiyası və vasitəçilik fəaliyyəti ilə qlobal sülh və sabitliyə töhfə verməyə davam edəcəyik”.