
BAKI, 28 mart. TELEQRAF
"Azərbaycan Ordusunun ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etməsi, ərazi bütövlüyümüzün bərpa olunması bütövlükdə region xalqları və dövlətləri üçün böyük əhəmiyyətə malikdir. Başqa sözlə, tarixi ədalətin bərpa olunmasından sonra həm Azərbaycanın inkişafı, həm də bölgənin firavan gələcəyi üçün yeni perspektivlər yaranıb. Postmüharibə dövrünün reallıqları ölkəmizin qətiyyətli mövqeyini, siyasi-diplomatik nailiyyətlərini əks etdirir".
Bu sözləri Teleqraf-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının (YAP) funksioneri Siyavuş Novruzov deyib.
O qeyd edib ki, Sarıcalı kəndi Ağdam şəhərindən şərqdə Ağdam-Ağcabədi avtomobil yolunun kənarında yerləşir: “Kəndin adı Cavanşirlər nəslindən olan Sarı Alının adından götürülüb. Sarıcalı kəndinin tam adı Dərgahlı Sarıcalısı, sovet dövründə Ağdamkənd Sarıcalısı olub. Beləliklə, Sarıcalı qədimdən türk yurdudur. Bu kənd Azərbaycan təhsilinin, elminin və mədəniyyətinin inkişafında xidmətləri olan bir çox tanınmış şəxslər yetişdirib. Sarıcalı kəndi Birinci Qarabağ müharibəsində Ermənistan tərəfindən 1993-cü il iyulun 23-də işğal olunmuşdu. Vətən müharibəsində Ordumuzun şanlı Qələbəsindən sonra üçtərəfli Bəyanata əsasən, Ağdam rayonu noyabrın 20-də Azərbaycana qaytarılıb”.
Deputat Ağdam şəhərinin mərkəzindən 6 kilometr məsafədə yerləşən Sarıcalı kəndinin təməlinin 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyev tərəfindən qoyulduğunu söyləyib: “Möhtərəm Prezidentimizin və birinci xanım Mehriban Əliyevanın Ağdam rayonunun Sarıcalı kəndində olmaları xalqımız tərəfindən böyük qürurla qarşılanır. Bu iftixar qəlbi Vətən sevgisi ilə döyünən hər bir azərbaycanlının mənəvi haqqıdır. Çünki biz böyük qələbə qazanmışıq. Prezident İlham Əliyevin Ağdam rayonunun Sarıcalı kəndinə səfəri zamanı səsləndirdiyi fikirlər qüdrətli Azərbaycanın yeni mərhələdə əldə etdiyi strateji inkişafına işıq salır. Səfər zamanı dövlətimizin başçısı və birinci xanım burada görülmüş işlərlə tanış olub, yerli icra strukturları üçün inşa olunmuş çoxfunksiyalı inzibati binanın açılışını ediblər.
Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sarıcalıda inşa olunmuş fərdi evlərdə yaradılan şəraitə baxıb, körpələr evi-uşaq bağçası və tam orta məktəb binasının açılışlarında iştirak edib, yeni mənzillərə köçən sakinlərlə görüşüb və onlara evlərin açarlarını təqdim ediblər. Görüşdə Prezident İlham Əliyev qeyd edib ki, azad edilmiş ərazilərdə indi 40 mindən çox insan yaşayır və çalışır. “İndi Ağdam rayonunun ilk sakinləri sizsiniz. Amma yaxın aylarda qonşularınız da gələcək, Xıdırlıya, - yəqin ki, görmüsünüz, böyük inşaat işləri gedir, - Kəngərliyə, ilin sonuna qədər Ağdam şəhərinə. Burada rahat, xoşbəxt yaşayacaqsınız”, - deyə Prezident vurğulayıb”.
Komitə sədri bildirib ki, Sarıcalı kəndində əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılıb, təhsil, iqtisadi, sosial və məişət təyinatlı müxtəlif müəssisələr, klub-icma və mədəniyyət mərkəzləri tikilib: “Burada sosial məsələlər də öz həllini tapıb. Kənddaxili yollar, elektrik, rabitə, su xətləri çəkilib, qaz təchizatı təmin olunub. Prezident İlham Əliyev Ağdamın Sarıcalı kəndində yeni mənzillərə köçən sakinlərlə görüşdə çıxışında bildirib: “Biz Ağdamı yenidən qururuq və quracağıq, indi genişmiqyaslı quruculuq işləri aparılır”. Bütövlükdə, Prezident İlham Əliyevin rəhbərliyi ilə postmüharibə mərhələsində görülən işlər Azərbaycan dövlətinin tarixi qələbəsinin siyasi və diplomatik müstəvidə möhkəmləndirilməsi üçün müstəsna əhəmiyyət daşıyır. Bu istiqamətdə əldə edilən nailiyyətlər isə bütün milli məqsədlərin reallaşdırılmasına geniş imkanlar yaradır”.