
BAKI, 28 mart. TELEQRAF
Bu gün Bakı Təşəbbüs Qrupunun ( BTQ) təşkilatçılığı ilə “Kolonializm: Milli-Dini Kimliyin Silinməsi” adlı beynəlxalq konfransdan əvvəl mətbuat konfransı keçirilib.
Teleqraf xəbər verir ki, tədbirdə Fransa və Niderlandın keçmiş və hazırkı müstəmləkələrindən olan müstəqillik hərəkatlarının nümayəndələri iştirak edib. Onlar arasında Qvadelup, Fransız Qvianası, Kanaki (Yeni Kaledoniya), Korsika, Martinik, Reyunyon, Boneyr, Fransız Polinezyası, Mayot, Valis və Futuna adalarından olan nümayəndələr yer alıb.
BTQ-nin icraçı direktoru Abbas Abbasov bildirib ki, sabah keçiriləcək beynəlxalq konfransda kolonializm məsələsi geniş müzakirə olunacaq və bir çox vacib mövzulara toxunulacaq.
Mətbuat konfransı çərçivəsində əlavə olaraq Fransa tərəfindən atılan bir çox qanunsuz addımlara toxunulub və fikir mübadiləsi aparılıb. Bu mövzulardan biri Fransa tərəfindən qanunsuz həbs edilən insanlar barəsində olub.
BTQ-nin icraçı direktoru Abbas Abbasov vurğulayıb ki, Yeni Kaledoniya da daxil olmaqla, bir çox bölgələrdə Fransa hökumətinin repressiv tədbirləri davam edir. O vurğulayıb ki, bu cür qanunsuz həbslər yalnız Yeni Kaledoniyada deyil, digər müstəmləkə bölgələrində də baş verir və bu, qlobal səviyyədə ciddi narahatlıq doğurur.
“Biz Bakı Təşəbbüs Qrupu olaraq, bu qanunsuz həbslərə qarşıyıq. Bu, təkcə müəyyən bir regionun deyil, bütün dünyanın qarşısını almalı olduğu bir problemdir. Əlbəttə ki, biz Fransa hökuməti və həmin ölkələr arasında danışıqlarda vasitəçi rolunu oynamağa hazırıq”, – Abbas Abbasov əlavə edib.
Qlobal təzminat hərəkatının Prezidenti, Beynəlxalq Dekolinizasiya Cəbhəsinin katibi Jose Martin Jean Pierre qeyd edib ki, Fransa tarix boyu müxtəlif yollarla güclənməyə çalışıb, onlardan biri də milli kimliyin silinməsi siyasəti olub: "Bu strategiya xüsusilə müstəmləkə dövründə və işğal edilmiş ərazilərdə açıq şəkildə özünü göstərib. Fransanın bir çox ölkələrdə həyata keçirdiyi assimilyasiya siyasəti həmin xalqların dilini, mədəniyyətini və ənənələrini zəiflətməyə yönəlib".
Korsika “Nazione” müstəqillik Hərəkatının üzvü François Benedetti sözlərinə görə, hazırda Fransada bir çox insan həbs olunub: "Buna səbəb isə onların azadlıq istəməsidir. Daha sonra həmin insanların ailələri ilə görüşmələri məhdudlaşdırılıb və qadağan edilib. Bununla yanaşı, həmin insanların ailələri həm mənəvi, həm də maddi baxımdan ciddi çətinliklərlə üzləşiblər. Bütün çətinliklərə baxmayaraq, biz davam edəcəyik".