
BAKI, 29 mart. TELEQRAF
"Azərbaycanla Ermənistan arasında sülh mətni üzərində razılaşma əldə edildikdən sonra rəsmi İrəvan tərəfindən verilən açıqlamalar qarşı tərəfin yekun razılaşmanın əldə edilməsində maraqlı olmadığını üzə çıxarır. Sülhə maneə olan ilkin əngəllərin, yəni Ermənistan konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddiaları, ATƏT-in Minsk Qrupundan imtina, Avropa İttifaqının nümayəndələrinin şərti sərhəddən çıxarılması ilə bağlı erməni tərəfi birmənalı davranış sərgiləmir. Əslində isə bu, başqa mətləblərdən xəbər verir".
Bu sözləri Teleqraf-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, deputat Səməd Seyidov deyib.
Onun fikrincə, Azərbaycanla simvolik olaraq sülh sazişi imzalamağa çalışan Ermənistan digər məsələləri gündəmdən çıxarmaq niyyətində deyil: “Erməni tərəfi düşünür ki, dəyişən dünyada hər şey ola bilər. Sabah dəyişəcək situasiyaya uyğun olaraq əllərində hansısa imkan saxlamaq istəyirlər. Bu, onlar üçün “B” variantıdır. Ona görə də Paşinyan mümkün qədər vaxt udmağa çalışır”.
Komitə sədri hesab edir ki, hazırda dünya dövlətləri özünə güvənən ölkələrlə əlaqələr yaradır: “Cənubi Qafqazda isə gündəliyi müəyyən edən, özünə güvənən ölkə Azərbaycandır. Ermənistan indi nə qədər geri çəkilsə də, gec-tez Bakının şərtləri ilə hesablaşacaq. Minsk Qrupundan imtina, Ermənistan konstitusiyasının dəyişdirilməsi tələbləri yerinə yetiriləcək”.
“Ermənistan daxilində Nikol Paşinyan hakimiyyəti üçün ciddi təhdidlər var. O, indi Azərbaycanla qısa zamanda bütün məsələləri həll etmək istəyir. Bu isə ona daxildə böyük zərbələrin dəyməsi ilə müşahidə edilir. Gümrüdə gedən proseslər buna misaldır. Paşinyan bir söz deyəndə parlamentin sədr müavini Ruben Rubinyan başqa şeydən danışır. Baş nazir deyir ki, “Azərbaycanla birlikdə Minsk Qrupunun ləğvi ilə bağlı birgə müraciət etmək lazımdır”. Rubinyan isə “əsla belə şey ola bilməz” deyərək ona qarşı çıxır. Paşinyanın öz partiyası daxilində də konstitusiya dəyişikliyinə qarşı çıxanların sayı çoxalır. Vaxt isə Ermənistanın ziyanına işləyir”, - deyə o əlavə edib.