
BAKI, 14 mart. TELEQRAF
"Putin qeyd edib ki, istənilən atəşkəs Ukraynanın lehinə olacaq".
Teleqraf xəbər verir ki, bunu Xorvatiyanın sabiq Prezidenti Kolinda Qrabar XII Bakı Qlobal Forumu çərçivəsində keçirilən "Sülhə gedən yol" panel müzakirələrində bildirib.
Onun sözlərinə görə, istənilən atəşkəs Rusiyanın işğal tsiklini pozmalıdır.
"Dünən Prezident Putin deyib ki, Rusiya hazırda qalib mövqeyindədir. O çalışır ki, Prezident Trampı çox qıcıqlandırmasın. Putin qeyd edib ki, istənilən atəşkəs Ukraynanın lehinə olacaq", - o, əlavə edib.
O, Trampın insan hüquqlarının qayğısına qaldığını və bundan narahat olduğunu deyib:
"Tramp əzəldən böyük müharibələri dayandırmaq istəyir, buna görə bu müharibəni də sonlandırmaq arzusundadır".
Onun sözlərinə görə, Avropa İttifaqı, həmçinin mövqeyini ortaya qoymalı və Rusiyaya qarşı çıxmalıdır.
“Rusiya tərəfi həmişə NATO sammitlərini özünə qarşı təhdid kimi qiymətləndirib. Bu səbəbdən daim ehtiyatlı olmalıyıq. Diplomatiya tətbiq etməli və beynəlxalq hüququ qorumalıyıq. Hazırkı çətin vəziyyət təbii ki, Xorvatiyanı da narahat edir. Buna görə də müharibənin daha geniş ərazilərə yayılmaması üçün qarşısını almalı və davamlı sülh əldə etməliyik. Bu isə cəsur liderlərin edə biləcəyi bir şeydir” - Kolinda Qrabar-Kitaroviç vurğulayıb.