
BAKI, 14 mart. TELEQRAF
“Mübarizəmiz ədalət, beynəlxalq hüquq və ləyaqətimiz üçün mübarizə idi”.
Teleqraf xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev martın 13-də XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında deyib.
“Mübarizəmiz ədalət, beynəlxalq hüquq və ləyaqətimiz üçün mübarizə idi. BMT-nin Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalan qətnamələrini icra etdik. Əgər torpağımızı güclə azad etməsəydik, onlar növbəti 27 il də kağız üzərində qalardı. Burada biz mühüm meyara gəlib çıxırıq ki, bəzən sülhə nail olmaq və ədaləti bərpa etmək üçün siz gücdən istifadə etməlisiniz. Bu gün biz bunu görürük. Görürük ki, Avropa, Avropa İttifaqı güclü hərbi potensial qurmaq üçün bu gün öz siyasətini necə dəyişməyə çalışır. Görürük ki, digər ölkələr öz resurslarını hərbi potensialına və infrastrukturunun qurulmasına yönəldir. Biz bunu ən azı 20 ilə etdik, 2005-ci ildən etibarən etdik və ərazimizi azad edən, separatçılığa, separatçılara son qoyan güclü ordu yaratdıq. Bir sözlə, bu gün ərazi bütövlüyü və suverenliyin tam bərpası nəinki Azərbaycan xalqının güclü iradəsinin təzahürüdür, o cümlədən beynəlxalq ədaləti nümayiş etdirir. Eyni zamanda, əlbəttə, artıq qeyd etdiyim kimi, bizim yaddaşımız yaxşıdır. Hamımız xatırlayırıq ki, İkinci Qarabağ müharibəsindən əvvəl Ermənistanın cari hökuməti özünü necə aparırdı. Hamımız “Qarabağ Ermənistandır” söyləyən Ermənistan rəhbərinin bəyanatlarını xatırlayırıq. Bu, Xankəndidə deyilmişdir. Hamımız işğal olunmuş Şuşa şəhərində onun davranışını xatırlayırıq. Bunu internetdə tapa bilərsiniz. Çox maraqlı videodur”, - dövlət başçısı bildirib.