
BAKI, 14 mart. TELEQRAF
Ötən il əvvəlcədən büdcədə nəzərdə tutulmayan bir sıra zəruri tədbirlərin maliyyələşdirilməsi üçün Azərbaycan Prezidentinin Ehtiyat Fondununun 244,8 milyon manatı istifadə olunub.
Teleqraf xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə fəaliyyəti haqqında hesabatında əksini tapıb.
Bu vəsaitin 9,6 milyon manatı sosial müdafiə, sosial təminat, mədəniyyət, informasiya və bu kimi digər sosial tədbirlərə, 191 milyon manatı ölkədə infrastruktur təyinatlı tədbirlərin, abadlıq və tikinti işlərinin həyata keçirilməsinə, 18 milyon manatı işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən sosial və infrastruktur layihələrinə, 25,4 milyon manatı isə digər tədbirlər üzrə xərclərə yönəldilib.
2024-cü ilin dövlət büdcəsində Azərbaycan Prezidentinin Ehtiyat Fondu üçün 300 milyon manat nəzərdə tutulmuşdu.