BAKI, 14 mart. TELEQRAF

Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Ermənistanın silahlandırılması davam edir. Sülh danışıqlarının getdiyi bir dövrdə bu prosesi necə qiymətləndirirsiniz?

- Məsələ Azərbaycan hökuməti tərəfindən davamlı olaraq, Ermənistan, eyni zamanda Avropa İttifaqı, digər dövlətlərin hökumətləri qarşısında və beynəlxalq təşkilatlar çərçivəsində qaldırılır. Təbii ki, Vətən müharibəsindən sonra Ermənistan tərəfindən kifayət qədər sürətlə silahlanma siyasətinin aparılması bölgə üçün ciddi risk yaradır. Eyni zamanda, bu gün şərti sərhəddə mövcud olan və artıq iki ildir fəaliyyət göstərən, özünü Avropa İttifaqının mülki missiyası kimi təqdim edən, amma faktiki olaraq, kəşfiyyatla məşğul olan missiyanın fəaliyyəti də bölgədə sülh və sabitliyə ciddi təhlükə yaradır. Bununla bağlı mövqeyimizi də davamlı olaraq çatdırmışıq.

Hesab edirik ki, bu gün biz artıq sülh sazişinin mətnini razılaşdırıb, bölgədə sülhün qurulmasından danışırıqsa, təbii ki, həm birinci, həm də ikinci faktorun aradan qaldırılması vacib şərtdir, yalnız bu halda bölgədə davamlı sülhün bərqərar olunmasından danışa bilərik. Eyni zamanda, Azərbaycan və Ermənistan arasında artıq iki ilə yaxındır normallaşma istiqamətində müzakirələr gedir. Sülh sazişi mətninin son iki bəndi qalmışdı. Həmin bəndlərdən biri məhz şərti sərhəddə - gələcəkdə artıq delimitasiya və demarkasiya edilmiş sərhəddə üçüncü qüvvələrin mövcud olmaması şərtidir.

Ermənistan bir neçə gün əvvəl o şərti də qəbul edib. Ona görə hesab edirik ki, düzgün istiqamətdə gedirik. Amma qeyd etdiyimiz şərtlərə əməl olunması vacibdir. Birincisi, silahlandırılmanın dayandırılmasıdır. İkincisi, sərhəddə hansısa üçüncü qüvvələrin olmamasıdır.

- Sülh sazişi nə vaxt və harada imzalana bilər?

- Məncə, bu gün məkanın müzakirəsi üçün bir az tezdir. Çünki bildiyiniz kimi, dünən də cənab nazir Ceyhun Bayramov tərəfindən verilmiş açıqlamaya əsasən, Azərbaycan tərəfi növbəti mərhələdə Ermənistanın daha iki şərtini yerinə yetirməsini gözləyir. Bu, artıq bizim bir müddətdir qaldırdığımız Ermənistanın konstitusiyasında hələ 90-cı illərin əvvəllərindən mövcud olan Azərbaycanın suveren ərazisinə qarşı iddiaların konstitusiyadan çıxarılması, ikincisi, ATƏT-in Minsk qrupunun ləğv edilməsidir. Bununla bağlı hər iki dövlət ATƏT-ə birgə müraciət edə bilər.

Azərbaycan münaqişənin həll edilməsini nəzərə alaraq, bir müddətdir, bu təklifi edib. Amma təəssüflər olsun ki, Ermənistan bu günə kimi birgə müraciətə qoşulmur və hesab edirik ki, bu birgə müraciətin edilməsi Ermənistanın real niyyətləri barədə bizə məlumat verəcək. Belə olan halda biləcəyik ki, Ermənistan həqiqətən, münaqişənin tamamlandığını düşünür, yoxsa başqa niyyətləri var?

Ermənistanda olan revanşist qüvvələrin mövcudluğu və onların mütəmadi olaraq fəaliyyətini nəzərə alaraq, bunu ciddi risk hesab edirik. Düşünürük ki, burada konkret birmənalı mövqe ortaya qoyulmalıdır.

- Sizcə, Ermənistan niyə indiki halda Minsk qrupunun ləğvinə razılıq vermir?

- Biz bunu bir müddətdir təklif etmişik. Amma qarşı tərəfdən birgə müraciətə qoşulma ilə bağlı hər hansı konkret bir mövqe bildirilməyib və ya addım atılmayıb. Hesab edirik ki, bununla bağlı qısa müddət ərzində addım atılmalıdır. Çünki Minsk qrupu onsuz da son illər ərzində iflic olub və hər hansı bir prosesə təsiri də yoxdur. Amma bugünkü mövcud şəraitdə münaqişənin həll edildiyini nəzərə alaraq, onun mövcudluğunu israr etmək və ya onun ləğv edilməsindən yayınmaq bizim üçün aydın deyil, bu, başqa niyyətlərdən xəbər verir.