BAKI, 14 mart. TELEQRAF

Milli Məclisin deputatı, ATƏT PA-nın komitə sədri Azay Quliyev Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Azay müəllim, Avropa Parlamentinin Azərbaycana qarşı növbəti "qətnamə"sini necə qiymətləndirirsiniz?

- Avropa Parlamentindən Azərbaycana qarşı bu cür yanaşmaların olması heç də yeni deyil. Ona görə də bu bizi təəcübləndirmir. Amma bir daha əminlik yaranır ki, Azərbaycana qarşı bu “sənəd”i hazırlayanlar və ona “səs” verənlər reallıq hisslərini tamamilə itiriblər və mövcud vəziyyəti nəzərə almırlar. Bu gün onlar üçün hüququn, beynəlxalq prinsiplərin heç bir əhəmiyyəti yoxdur. Hansı terrorçunu, cinayətkarı, “qəhrəman” etmək lazımdırsa, bunu Avropa Parlamentinin əli ilə asanlıqla etmək olar. Təsəvvür edin, hazırda Bakıda məhkəmə qarşısında mühakimə edilən Ruben Vardanyan kimi cinayətkarı onlar müdafiə edir, cəzadan yayınmasını istəyirlər. Bu adam Ukraynada terrorçuları dəstəklədiyinə görə qara siyahıya salınıb və haqqında axtarış elan edilib. Eyni zamanda həmin şəxs Moskvadan Qarabağa etnik qarşıdurmanı alovlandırmaq üçün göndərilmişdi. O Azərbaycanın bütün qanunlarını pozub və bu faktlarla sübut edilib ki, Azərbaycan ərazisində terrorçu təşkilatları, qanunsuz silahlı birləşmələri maliyyələşdirib. Görünür, avropalı deputatlar etnik qarşıdurmanı, separatizmi, nifrəti körükləyən Vardanyanın puluna, vermiş olduğu hədiyyələrə daha çox üstünlük verirlər.

Əslində, bu kimi “qərarlar"la Avropa Parlamenti növbəti dəfə özünü biabır etmiş oldu. Hüququn aliliyinin onlar üçün heç bir əhəmiyyət daşımadığını sübut etdilər. Azərbaycana qarşı düşmən mövqedə olduqlarını, nifrət hissi bəslədiklərini bir daha biruzə verdilər. Bununla da əli azərbaycanlıların qanına bulaşmış, Xocalı soyqırımını törətmiş terrorçuları əsl mahiyyətini və əməllərini ört-basdır edərək, onları “hərbi əsir” və yaxud “girov” kimi təqdim etməklə Azərbaycana qarşı böyük bir yalan və iftiradan ibarət kağız parçası hazırladılar.

- Avropa Parlamentinin “Dağlıq Qarabağ” ifadəsindən imtina etməməsini necə izah etmək olar?

- Ermənistanın belə istifadə etmədiyi tarixin zibilliyinə atılmış “Dağlıq Qarabağ” ifadəsindən Avropa Parlamentinin hələ də imtina edə bilməməsi fərqli amillərlə bağlıdır. Hətta onlar bir qədər də irəli gedərək, keçmiş Dağlıq Qarabağda olmuş separatçıların təmsilçilərini “rəsmi şəxslər” kimi təqdim edirlər. Bununla da özlərini gülünc vəziyyətə salırlar. Sözsüz ki, Azərbaycan tərəfi haqlı olaraq bu kimi qeyri-ciddi siyasətçilərin hazırladığı kağız parçasına zərrə qədər də olsa əhəmiyyət vermir, eyni zamanda bu kimi siyasi riyakarlığı qəti şəkildə pisləyir.

- Avropalı parlamentarilərin “davranış”ları təmsil olunduqları ölkələrdə necə qarşılanacaq?

- Əslində, Avropa Parlamenti bu “addım”ları ilə Avropa institutları, Avropa İttifaqı ilə Azərbaycan arasında olan bütün müsbət münasibətlərə zərbə vurur. Bu cür məsuliyyətsiz siyasətçilərin hərəkətlərinə öz ölkələrində də adekvat münasibət bildirməlidirlər. Seçiciləri siyasi baxımdan korrupsiyalaşmış, bu cür haqsızlığa yol verən, bölgəyə zərər gətirən, qarşıdurmanı körükləyən, etnik zəmində nifrət yaradan qanunsuz, əsassız qətnamələrə səs verənlərdən hesab sormalıdırlar. Onlara səs və mandat vermiş seçicilər, siyasi partiyalar həmin deputatlardan Azərbaycana qarşı vicdansızcasına, yalan-böhtan xarakterli addımları dayandırmağı tələb etməlidirlər.

- Sizcə, Azərbaycana qarşı bu cür kampaniyalarla nəyə nail olmaq istəyirlər, hədəfləri nədən ibarətdir?

- Burada maraqlı olan iki tərəfi qeyd etmək lazımdır. Birincisi, Ermənistan hökuməti, erməni diasporu və revanşist dairələrdi. Onların hədəfi bu cür toksik qətnamələrlə gərginlik mühütini daim qorumaq, sülh prosesini zədələmək, gələcəkdə Ermənistanın Azərbaycana hücum etməsi, müharibəyə başlaması üçün siyasi əsaslar yaratmağa çalışmaqdır. Ermənistanın bu gün davamlı olaraq silahlanması da bu hədəfə xidmət edir. İkinci tərəf isə regionda sülhün və barışın əldə edilməsində maraqlı olmayan Fransa kimi ölkələr və onların oyuncağına çevrilmiş Avropa Parlamenti kimi qurumlardı. Onlar müdafiə etdikləri Ermənistanın acı məğlubiyyəti və Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü təmin etməsini həzm edə bilmirlər. Hər keçən il uğradıqları fiaskonun acığını bu cür kağız parçası ilə almaqla özlərinə təsəlli verirlər. Digər tərəfdən onlar bununla Azərbaycana qarşı təzyiqləri artırmağa, gələcək təxribatlar üçün əsaslar yaratmağa çalışırlar. Ancaq yenə də onların bu məkrli planları puç olacaq.

- Bu qətnaməyə səs vermiş avropalı deputatların öz ölkələri ilə müqayisədə məsələlərə rasional yanaşmamaları nə ilə bağlıdır?

- Bədnam “qətnamə”yə səs verən ispanlardan soruşmaq lazımdır ki, niyə Kataloniya hökumətinin rəhbəri Karles Puçdemonu müdafiə etmirlər? Axı, o müstəqillik uğrunda silahlı yox, sivil qaydada apardığı mübarizəyə görə İspaniya hökumətinin təqiblərinə məruz qaldı, rəsmi Madrid Barselonaya ordu göndərdi və o da qaçaraq xaricə sığındı? Bu şəxs hazırda axtarışdadır və ölkəsinə qayıtmaq hüququ yoxdur. Erməni terrorçularını və seperatçılarını müdafiə edən ispan deputatlardan soruşmaq lazımdır ki, qədim tarixi, 7 milyona yaxın əhalisi olan Kataloniyanın müstəqil olmağa haqqı çatmır? Ermənilərdən fərqli olaraq katalonların dövləti də yoxdur. Fakt odur ki, bütün hüquqi siyasi əsaslar ola-ola katalon xalqının müstəqil olmasının qarşısı ordu ilə alınır, rəhbəri həbs edilir və daha sonra beynəlxalq axtarışa verilir. Ermənistan tərəfindən Azərbaycan ərazisində yaradılan separatçı rejimin rəhbərlərini həbs edildikdə isə buna yox deyilir. Halbuki həmin şəxslər vaxtilə azərbaycanlılara qarşı soyqırımı cinayətləri törədiblər. İndi isə həmin ispan deputatlar separatçı ermənilərin azad edilməsini istəyir. Amma nədənsə, Karles Puçdemonun azad edilməsini tələb etmirlər. Bu isə siyasi riyakarlığın və sayı bilinməyən “standartlar"ın növbəti nümunəsidir.

- Sülh prosesinə bu cür qərarların təsiri olacaqmı?

- Əslində regionda gərginliyin yaranması, Azərbaycana qarşı bu cür qərəzli qətnamələrin qəbul edən şəxslərin siyasi iflası və Ermənistan üçün birbaşa faciə ilə nəticələnəcək. Onlar Ermənistandakı revanşist qüvvələrə saxta vəd verməklə, şirnikləşdirməklə erməni xalqının rifahına xidmət etmirlər. Əksinə onların qanında olan etnik nifrətlə dolu zəhərin, xəstəliyin irəliləməsinə dəstək verirlər. Məqsədləri Azərbaycanın prinsipial və qətiyyətli mövqeyinə təsir etməkdir. Ancaq tarix dəfələrlə sübut edib ki, bu cür “addımlar"ın heç bir nəticəsi yoxdur və olmayacaq. Əbəs yerə özlərini yormasınlar.

- Avropa-Azərbaycan münasibətlərində hansısa dəyişikliklərin olması gözlənilirmi?

- Görürsünüz ki, neçə ildən sonra avropalılar Türkiyənin ayağına düşüblər yalvarırlar. Xahiş edirlər ki, bəs amandır, ABŞ bizdən üz döndərib, gəl bizim təhlükəsizliyimizi təmin et. Vaxtilə Türkiyəni yaxınlarına buraxmayanlar, türkəfobiya ilə zəhərlənmiş fransızlar, ispanlar, hollandlar, polşalılar indi ondan imdad istəyirlər. Həmin avropalılar Azərbaycana da yalvarırdılar ki, “bizə kömək et ki, Rusiyanın neftindən asılılıqdan azad olaq”. Ona görə də Azərbaycan bu qədər ciddi və etibarlı tərəfdaş ola-ola belə mənasız qətnamələrin qəbulunun heç bir izahı və ya bəraəti yoxdur. Avropanın maraqlarının Fransa kimi ölkələrin, habelə irqçi və dini ayrıseçkilik xəstəliyinə düçar olanların cılız maraqlarına qurban verilməsi bumeranq effekti verir və verəcək. Bu gün Avropanın Azərbaycan və Türkiyə birliyinə daha çox ehtiyacı var. Ümid edirəm ki, bu reallığı Avropa Parlamenti gec tez başa düşəcək.