BAKI, 16 iyun. TELEQRAF

UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsinin bu gün keçirilən püşkatmasında "Qarabağ"ın rəqibi müəyyənləşib.

Teleqraf xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov püşkün nəticəsini dəyərləndirib və İslandiyanın “Vestri” klubu barədə fikirlərini bildirib:

“Həddindən artıq ciddi olmalıyıq. Çünki komandamız hələ optimal formada deyil. Heyətimizdə zədəli futbolçular da var. Eyni zamanda transfer çalışmalarını davam etdiririk. Doğrudur, seleksiya işlərində müəyyən çətinliklərlə üzləşirik. Ancaq yenə də heyəti komplektləşdirmək üçün əlimizdən gələni edirik. İlk növbədə qısa müddətdə formaya düşməliyik. Bunun üçün də yaxşı hazırlıq keçmək lazımdır.

Futbol son vaxtlar o qədər dəyişilib ki, heç kimin potensialını öncədən dəqiq bilmək olmur. "Vestri" barədə ilkin təəssüratlarımız var, müəyyən qədər maraqlanmışıq. Heyətlərində kifayət qədər dəyişiklik olub. İlk matça qədər geniş məlumat topalayacaq və ciddi hazırlaşacağıq. Son olaraq, Çempionlar Liqasında ölkəmizi təmsil edəcək "Sabah"a, Konfrans Liqasında mübarizə aparacaq "Zirə" və "Neftçi"yə uğurlar arzulayırıq”.