GƏNCƏ, 3 fevral. TELEQRAF
Gəncə şəhərində Vətən müharibəsi iştirakçısı olan Röyal Məmmədovun ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Teleqraf xəbər verir ki, öldürülən Röyal Məmmədovla yanaşı onu qətlə yetirməkdə şübhəli bilinən və saxlanılaraq istintaqa təhvil verilən Murad Hacıyev də Vətən müharibəsi iştirakçısıdır.
Hadisə gecə saatlarında şəhərin Mikayı Muşfiq küçəsində qeydə alınıb.
Qeyd edək ki, hadisə ilə bağlı Gəncə şəhər prokurorluğu məlumat yaıb. Məlumatda deyilib ki, fevralın 3-də 2001-ci il təvəllüdlü Röyal Məmmədovun xəsarətlər alması, yerləşdirildiyi xəstəxanada almış olduğu xəsarətlərdən ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırmalarla cinayətin 1988-ci il təvəllüdlü Murad Hacıyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, M.Hacıyev prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam edir.
Röyal Məmmədovun dayısı Teleqraf-a açıqlamasında bacısı oğlunun bıçaqlanmasından gecə xəbər tutduğunu deyib: "Nəvəm qışqıraraq gəlib dedi ki, Röyalı bıçaqlayıblar. Onu qanlı vəziyyətdə gördüm, gicgah, ürək və qabırğasında bıçaq izləri vardı. Dərhal xəstəxanaya apardıq, əməliyyat etdilər. Əməliyyatdan sonra həkimlər dedi ki, 1-2 saat ömrü qalıb. Elə də oldu, gecə saatlarında rəhmətə getdi. Onu qonşunun oğlu Murad avtomobilin yanında bıçaqlayıb. Röyal təxminən 30-40 metr hərəkət edə bilib, qan itirdiyinə görə yıxılıb. Səbəb barədə məlumatsızıq".

Fotoda Murad Hacıyev