ZƏNGİLAN, 23 yanvar. TELEQRAF
Torpaqlarımızın işğaldan azad edilməsindən sonra Qarabağ və Şərqi Zəngəzurda həyat yenidən canlanır. Bu prosesdə ölkənin müxtəlif bölgələrindən olan gənclərin azad edilmiş ərazilərə üz tutaraq bərpa və quruculuq işlərində, xüsusilə də təhsil sahəsində fəal iştirakı diqqəti cəlb edir.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, Yevlax rayon sakini Şəmsiyyə Şəmsəddinova 2020-ci ildə ali təhsil diplomunu aldıqdan sonra ilk arzusu işğaldan azad edilmiş torpaqlarda çalışmaq olub. O, Müəllimlərin İşə Qəbulu imtahanında iştirak edərək anket seçimində ailəsindən gizli şəkildə yalnız işğaldan azad edilmiş əraziləri qeyd edib. Qısa müddət sonra Zəngilan rayonunun Ağalı kənd tam orta məktəbinə müəllim kimi təyin olunduğu barədə xəbər alıb.
Şəmsiyyə Şəmsəddinova bildirir ki, bu qərarı vermək onun üçün asan olmayıb. Ən çətin mərhələ ailəsindən, xüsusilə də atasından razılıq almaq olub. Lakin məqsədi Vətəninə layiqincə xidmət etmək olduğundan, seçiminə sadiq qalıb. Azad edilmiş ərazilərə ilk səfəri zamanı gördüyü dağıntılar, səngərlər və əsgərlərə aid əşyalar onu həm kövrəldib, həm də qürurlandırıb.
Şəmsiyyə müəllimə iş seçimi edərkən bunun gələcək taleyini də müəyyənləşdirəcəyini heç ağlına belə gətirməzdi. Onun təyinatından iki il sonra Ağalı kənd tam orta məktəbinə təyin olunan gənc kimya müəllimi Cəfər Cabbarlı isə zamanla onun həyat yoldaşı olacaq. Zəngilan rayon sakini olan Cəfər Cabbarlı şəxsi həyat hekayəsi barədə danışmaq istəmir. Biz də bu mövzuda çox sorğu-sual etmirik.
Əminik ki, hər iki gənc müəllim savadları və intellektual bilikləri ilə yeni nəslin yetişdirilməsində əllərindən gələni əsirgəməyəcəklər.
Qeyd edək ki, “Böyük Qayıdış” Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə təhsil infrastrukturu mərhələli şəkildə bərpa olunur. Zəngilan rayonunun Ağalı kənd tam orta məktəbi Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonası üzrə istifadəyə verilən ilk təhsil müəssisəsidir.
Hazırda məktəbdə 288 şagird təhsil alır, 18 müəllim fəaliyyət göstərir. Təhsil ocağında STEAM otağı, İKT kabineti, laboratoriyalar, kitabxana və idman zalı şagirdlərin istifadəsinə verilib.