LAÇIN, 23 yanvar. TELEQRAF
Laçın rayonu torpaqları işğaldan azad edildikdən sonra dövlət vəsaiti hesabına yenidən qurulan əsas rayonlardan biridir.
Prezident İlham Əliyevin birbaşa nəzarəti altında həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri Laçını Azərbaycanın ən müasir, ekoloji və texnoloji bölgələrindən birinə çevirməkdədir. Şəhərin yenidən qurulması, yeni yolların çəkilməsi, müasir yaşayış massivlərinin salınması, “Ağıllı kənd” layihələrinin icrası, günəş panelləri və külək enerjisi stansiyalarının yaradılması bu inkişafın əsas göstəricilərindəndir. Bu prosesdə səhiyyə ocaqlarının yenidən qurulması isə insan kapitalına verilən yüksək dəyərin bariz nümunəsidir.
Bu istiqamətdə həyata keçirilən mühüm layihələrdən biri də Laçın Rayon Mərkəzi Xəstəxanasının yenidən qurulmasıdır. İşğaldan azad edildikdən sonra müasir standartlara uyğun şəkildə fəaliyyətə başlayan xəstəxana hazırda rayon əhalisinə stasionar və poliklinik tibbi xidmətlər göstərir. Burada tibbi xidmətin təşkili istiqamətində ardıcıl tədbirlər görülür, səhiyyə infrastrukturu mərhələli şəkildə genişləndirilir.
Laçın Rayon Mərkəzi Xəstəxanasının direktoru Orxan Cəbrayılov Teleqraf-ın Qarabağ bürosuna bildirib ki, 2023-cü ildən – Böyük Qayıdış proqramının birinci mərhələsindən etibarən xəstəxanaya 39 min 267 müraciət daxil olub, ümumilikdə isə 59 min 768 tibbi xidmət göstərilib.
Onun sözlərinə görə, hazırda xəstəxanada təcili tibbi yardım, poliklinika, Ailə Sağlamlıq Mərkəzi, şüa diaqnostika və laboratoriya şöbələri fəaliyyət göstərir. 2026-cı il üçün əsas hədəflər sırasında reanimasiya və intensiv terapiya şöbəsinin, eləcə də fizioterapiya kabinetinin yaradılması da yer alır.
Qeyd edək ki, səhiyyə ocağı ilkin mərhələdə modul tipli Ailə Sağlamlıq Mərkəzi kimi fəaliyyət göstərib, daha sonra Laçın Rayon Mərkəzi Xəstəxanasının yeni binası istifadəyə verilib. Xəstəxananın strukturunda təcili yardım şöbəsi, poliklinika, stomatoloji kabinet, laboratoriya şöbəsi, ultrasəs və rentgen müayinələri, həmçinin Zabux kənd həkim məntəqəsi yaradılıb. Bununla yanaşı, yay aylarında Laçın və Kəlbəcər yaylaqlarına köç edən fermerlərin tibbi xidmətlə təmin olunması məqsədilə səyyar tibb məntəqələri də fəaliyyət göstərir.
Laçın Rayon Mərkəzi Xəstəxanası hazırda Laçın şəhərinə, Zabux, Bəylik və Sus kəndlərinə köç edən əhaliyə tibbi xidmət göstərir. Rayonda aparılan ümumi quruculuq və bərpa işləri ilə paralel olaraq səhiyyə infrastrukturu da davamlı şəkildə inkişaf etdirilir.
Xəstəxanada daimi işlə təmin olunan sakinlərdən biri Tamara Vəliyevadır. O, Laçında yaradılan iş və yaşayış şəraitindən razılıqla danışaraq bildirib ki, burada həm məşğulluq, həm də uşaqların təhsili üçün hərtərəfli imkanlar mövcuddur. Onun sözlərinə görə, Laçına köçmək ailəsi üçün həm mənəvi, həm də sosial baxımdan doğru qərar olub.
Qeyd edək ki, Azərbaycanın ən qədim insan məskənlərindən biri olan Laçın rayonu şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. İşğal dövründə tamamilə dağıdılan bu ərazilərdə bu gün həyat yenidən canlanır. Genişmiqyaslı bərpa və quruculuq işləri nəticəsində Şərqi Zəngəzurun dilbər guşəsi olan Laçın sürətlə dirçəldilərək abad və müasir bir şəhərə çevrilir.